Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin bir qrup üzvü mətbuat konfransı keçirib

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin bir qrup üzvü mətbuat konfransı keçirib
# 07 noyabr 2007 11:25 (UTC +04:00)
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevin fəaliyyəti ilə bağlı qurumun Suraxanı rayon şöbəsinin bir qrup üzvü mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, birliyin Suraxanı rayon şöbəsinin sədri Oqtay Əliyev bildirib ki, 2006-cı ilin fevralında Suraxanı şöbəsinin hesabat-seçki konfransı keçirilib və toplantıda yeni İdarə Heyəti və sədr seçilib. 2007-ci ilin yanvarında isə M. Mehdiyev qanunsuz olaraq, rayon şöbəsinin sədrinin vəzifəsindən çıxarılması barədə əmr verib. O. Əliyevin sözlərinə görə, həm təşkilatın nizamnaməsinə, həm də prosedur qaydaya əsasən M. Mehdiyevin rayon şöbəsinin sədrini əmrlə vəzifəsindən çıxarmaq səlahiyyəti yoxdur. Çünki qurum ictimai əsaslarla fəaliyyət göstərir. O. Əliyev məsələ ilə bağlı Binəqədi rayon məhkəməsinə müraciət etdiklərini də söyləyib: “Rayon məhkəməsinin 2007-ci ilin mayında keçirilən iclasında birlik sədrinin əmri ləğv edilib. Apelyasiya Məhkəməsi isə hakim İsa İsmayılovun sədrliyi ilə keçirilən iclasda birinci məhkəmə instansiyasının qərarının ləğv edilməsi haqda qərar çıxarıb”. O, Apelyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti edəcəklərini də qeyd edib. O. Əliyev M. Mehdiyev tərəfindən əlillər və veteranlar üçün Bakı şəhərində ayrılan torpaq sahələrinin qanunsuz yolla satıldığı da bildirib: “Birliyin nəzarətində olan sərnişindaşıma marşrutlarından da gəlir əldə edilir”. Şəhid anası Tamara Məmmədova, birliyin üzvü Seyran Əhmədov və digər çıxış edənlər də M. Mehdiyevin fəaliyyətinin qanunsuz olduğunu və birlikdən biznes maraqları üçün istifadə etdiyini diqqətə çatdırıblar. Mehdi Mehdiyev isə APA-ya açıqlamasında barəsində deyilənləri əsassız adlandırıb: “Oqtay Əliyev Suraxanı rayon şöbəsinin sədri seçiləndən sonra qurumun balansında olan traktoru Şamaxıda yaşayan qardaşına verib. Bundan başqa qeyd olunan balansdakı 4,5 hektar torpaq sahəsinin 70 sotunu kənar şəxsə satıb. Biz həmin 70 sotun geri qaytarılmasına nail olduq. Oqtay Əliyevin digər qanunsuz hərəkətlərini araşdırmaqda davam edirik”. O. Əliyevin birliyin İdarə Heyətinin qərarı ilə vəzifəsindən uzaqlaşdırıldığını deyən M. Mehdiyev Suraxanı rayon şöbəsinin hüquqi şəxs olmadığını diqqətə çatdırıb: “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi hüquqi şəxsdir, rayon şöbəsi isə qurumun filialıdır. Oqtay Əliyevin dedikləri nizamnaməyə və ölkə qanunvericiliyinə də ziddir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR