“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin rəhbəri Gəncə Media Mərkəzində mətbuat konfransı keçirib

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin rəhbəri Gəncə Media Mərkəzində mətbuat konfransı keçirib
# 09 noyabr 2007 14:25 (UTC +04:00)
Bu gün “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin rəhbəri Müşfiq Cəfərov Gəncə Media Mərkəzində təşkilatın əldə etdiyi uğurlarla bağlı mətbuat konfransı keçirib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, M. Cəfərov mətbuat konfransının əsas məqsədinin 2000-ci ildən fəaliyyət göstərən “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin 7 il ərzində əldə etdiyi nailiyyətləri ictimaiyyətlə bölüşmək olduğunu qeyd edib. O, 2007-ci ilin təşkilat üçün çox uğurlu keçdiyini bildirib: “Biz 7 ildə 4 diplom və sertifikatla təltif edilmişik”. M. Cəfərov 2007-ci il ərzində 8 layihə həyata keçirdiklərini bildirərək, bunlardan 3-nün kampaniya çərçivəsində reallaşdığını vurğulayıb: “Bu ilin əvvəlində ilk layihə olaraq yanvar-aprel aylarında Samux rayonunun Kəsəmən, Poylu və Salahlı kəndlərində ekoloji maarifləndirmə işləri aparmışıq. Bu layihə çərçivəsində ərazidə 1500-ə yaxın ağac əkmişik. Həmçinin bu il dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən və düşərgə təşkil edən 38 beynəlxalq təşkilatla müqavilə imzalamışıq. Türkiyənin Antalya şəhərində imzalanan bu müqavilə bizə imkan verir ki, gəncləri həmin ölkələrdə təşkil olunan düşərgələrə göndərək. Artıq 40-a yaxın gənci müxtəlif ölkələrdə təşkil olan düşərgələrə göndərmişik. Bu gənclərin əksəriyyəti Gəncədən və ətraf rayonlardandır”.
“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin rəhbəri APA-nın qərb bürosuna açıqlamasında yaxın gələcəkdə daha iki beynəlxalq layihənin həyata keçirməyi planlaşdırdıqlarını bildirib. Onun sözlərinə görə, bu layihələrdən biri 8 ölkədə fəaliyyət göstərən QHT nümayəndələrinin iştirakı ilə düşərgənin təşkili, digəri isə 7 ölkədə fəaliyyət göstərən QHT nümayəndələrinin iştirakı ilə toplantı keçirilməsidir. Qeyd edək ki, həyata keçiriləcək layihə çərçivəsində düşərgənin Xanlar rayonunun Toğana kəndi ərazisində təşkil edilməsi nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR