Ombudsman Daxili İşlər Nazirliyinə müraciət edib

Ombudsman Daxili İşlər Nazirliyinə müraciət edib
# 17 iyun 2008 08:24 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Ombudsman Aparatının əməkdaşları Klinik Tibbi Mərkəzdə olub, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri (RATİ) Emin Hüseynovun vəziyyəti ilə maraqlanıblar. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Hüseynov bildirib ki, iyunun 14-də bir qrup gəncin keçirdiyi tədbiri işıqlandırmaq məqsədi ilə tədbirin təşkil edildiyi kafeyə gediblər. Bu vaxt Nəsimi rayon Polis İdarəsinin əməkdaşları onları idarəyə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar. O, idarədə olduğu müddətdə mülki geyimli şəxs tərəfindən zorakılığa məruz qaldığını, nəticədə səhhətinin pisləşdiyini qeyd edib. E. Hüseynov xəstəxanada ona lazımi tibbi yardımın göstərilmədiyini söyləyib. Növbətçi həkim isə E. Hüseynovun vəziyyətinin stabil olduğunu, xəstəxanaya kəllə-beyin travması diaqnozu ilə qəbul olunduğunu, hazırda isə ona nevrotik reaksiya diaqnozu qoyulduğunu bildirib. Ombudsman Elmira Süleymanova RATİ sədrinin işi ilə bağlı məsələnin obyektiv araşdırılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR