Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti: Emin Hüseynova qarşı zor tətbiq olunmayıb

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti: Emin Hüseynova qarşı zor tətbiq olunmayıb
# 17 iyun 2008 12:12 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynova qarşı zor tətbiq olunmayıb”. Bu barədə APA-nın sualına cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. DİN-dən verilən məlumata görə, E. Hüseynovun iyunun 14-də Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsində təzyiqlərə məruz qalması barədə mətbuata verdiyi açıqlamaların heç bir əsası yoxdur: “İyunun 14-də 22-ci polis bölməsinə ərazidə olan kafelərdən birində icazəsiz toplantı keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları həmin ünvana baxış keçirəndə məlum olub ki, orada 50-yə yaxın şəxs icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış tədbir keçirir. Polis əməkdaşları icazəsiz aksiyanın qarşını almaq üçün iştirakçılardan ərazini tərk etməyi tələb ediblər. Amma iştirakçılar bu tələbə məhəl qoymayıblar. Belə olan halda polislər 20-yə yaxın şəxsi, o cümlədən Emin Hüseynovu bölməyə dəvət ediblər. Lazımi xəbərdarlıq ediləndən sonra onların hamısı sərbəst buraxılıb. Ancaq Emin Hüseynov çıxarkən bölmənin qarşısında yerə yıxılıb və sonradan döyüldüyünü iddia edib”.
Mətbuat xidmətindən bildirilib ki, RATİ sədrinin üzərində aparılan tibbi ekspertizadan sonra ona “nevrostonik reaksiya” diaqnozu qoyulub: “Onun fiziki zorakılığa məruz qalması barədə dedikləri təsdiqlənməyib. Emin Hüseynovun guya döyülməsi barədə mətbuata verdiyi açıqlamalar da bir-biri ilə ziddiyyət təşkil edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR