165 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

165 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
# 06 dekabr 2021 18:06 (UTC +04:00)

Dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Fəxrəddin Cavanşirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən, F.Cavanşirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, barələrində prokurorluq və daxili işlər orqanlarında aparılan cinayət işlərinin icraatına xitam verilməsi adı ilə vətəndaşların yaxınlarından külli miqdarda pul alınmasına dair daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaqla Fəxrəddin Süleyman oğlu Cavanşirovun Baş Prokurorluğun İstintaq idarəsində və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaqı aparılan ayrı-ayrı cinayət işləri üzrə icraata xitam verilməsi və seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsinə köməklik göstərəcəyini həmin işlər üzrə təqsirləndirilən şəxslərin yaxınlarına yalandan vəd verərək onlardan guya münasibəti olduğu səlahiyyətli vəzifəli şəxslərə vermək adı ilə ümumilikdə 165 min manat məbləğində pulu almasına, bu qanunsuz əməlləri ilə də vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4,312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR