20 mindən çox şagirdin summativ qiymətləndirilməsi elektronlaşdırılıb

20 mindən çox şagirdin summativ qiymətləndirilməsi elektronlaşdırılıb
# 18 iyul 2022 09:15 (UTC +04:00)

2021-2022-ci tədris ilində 500-ə yaxın ümumi təhsil müəssisəsində summativ qiymətləndirmə rəqəmsal formada təşkil olunub.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, ilkin mərhələdə ötən tədris ilinin I yarımilində seçilmiş 40 ümumi təhsil müəssisəsinin V, VI, VII və VIII siniflərində tədris dili, riyaziyyat və xarici dil fənləri olmaqla böyük summativ qiymətləndirmə rəqəmsal formada keçirilib. I yarımildə qiymətləndirmə prosesində seçilmiş müəssisələr üzrə 16 489 şagird iştirak edib.

2021-2022- tədris ilinin ikinci yarımili ərzində seçilmiş 40 ümumi təhsil müəssisəsinə kiçik summativ qiymətləndirmələrin könüllü əsasda rəqəmsal formada təşkili üçün göstəriş verilib, bundan sonra ölkə üzrə bütün ümumi təhsil müəssisələrinə summativ qiymətləndirmələrin texniki təminat və internet olduğu təqdirdə rəqəmsal formada keçirilməsinə dair təlimati məktub göndərilib. Nəticədə II yarımildə 500-ə yaxın ümumi təhsil müəssisəsinin 20 000-dən çox şagirdi rəqəmsal summativ qiymətləndirmədə iştirak edib.

Rəqəmsal qiymətləndirmənin ölkə üzrə təşkilinə dair ümumi vəziyyət qiymətləndirilib və aparılan təhlillər göstərib ki, qiymətləndirmə prosesinin rəqəmsal təşkil edilməsi çevik hesabatlılığın təmin edilməsi üçün əlverişli şərait yaradıb.

Qeyd edək ki, rəqəmsal böyük summativ qiymətləndirmə təhsil müəssisələrində təşkil olunan summativ qiymətləndirmənin elektron formada (kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edərək) məktəb binasında təşkil edilməsidir. Rəqəmsal qiymətləndirmə “Virtual məktəb” platforması üzərindən aparılır. Kağız üzərində keçirilən qiymətləndirmə vəsaitindən yalnız bir dəfə istifadə oluna bildiyi halda, rəqəmsal qiymətləndirmənin tətbiqi zamanı material və resurslardan təkrar istifadə oluna bilir. Bu isə öz növbəsində qiymətləndirmə vəsaitlərinin hazırlanması üçün vaxta qənaət etmiş olur.

Eyni zamanda rəqəmsal qiymətləndirmə prosesi virtual sinifdə təyin olunmuş vaxt ərzində reallaşdırılır. Bu üstünlük qiymətləndirmə vaxtının optimallaşdırmasına zəmin yaradır. Tərtib olunan suallar və qiymətləndirmə prosesi məktəb rəhbərliyi və müvafiq fənn müəllimləri tərəfindən təşkil olunur, şagirdlər nəticələr barədə yerində məlumatlar əldə edir.

Növbəti tədris ilindən rəqəmsal qaydada keçirilən qiymətləndirmənin əhatə dairəsi genişləndiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR