20 Yanvar şəhidləri FHN Akademiyasında anılıb

20 Yanvar şəhidləri FHN Akademiyasında anılıb
# 19 yanvar 2022 17:30 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, əvvəlcə mərasim iştirakçıları faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra tədbirdə çıxış edənlər bildiriblər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

Xatırladılıb ki, sovet hakimiyyətinin bu cinayətkar əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verib. Belə ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edib. Dövrün mürəkkəbliyinə baxmayaraq, Ulu Öndər 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə yaxından məşğul olub və bunun nəticəsində bir çox həqiqətlər üzə çıxıb.

Çıxış edənlər, həmçinin qeyd ediblər ki, Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün Azərbaycanda effektiv sosial müdafiə sistemi formalaşıb və uğurla davam etdirilir. Belə ki, dövlət qayğısını artırmaq məqsədilə Ölkə Başçısının müvafiq Fərmanına əsasən, 20 yanvar şəhidlərinin ailələri üçün təqaüd müəyyən edilib. Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının bəzi yerlərində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb.

Anım mərasiminin sonunda Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR