668 şagirdin buraxılış imtahanı nəticəsi dəyişdirilib

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 16 may 2022 17:02 (UTC +04:00)

5-6 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına 5935 şagird ərizə ilə müraciət edib.

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib. Bildirilib ki, 427 nəfər öz ərziəsini təsdiq etməsə də, onların da müraciətləri araşdırılmış və müvafiq qərarlar verilib.

Apellyasiya komissiyasına daxil olan ərizələrdə ümumilikdə 23304 yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub. Qeyd edək ki, bu imtahanlarda şagirdlərin ümumilikdə 1145424 tapşırıq üzrə yazı işi yoxlanılıb. Apellyasiya üçün edilən müraciətlər bütün tapşırıqların cəmi 2.03%-ni təşkil edir.

Daxil olan bütün müraciətlər araşdırılmış və şagirdlərin apellyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 2114 nəfərlə video görüntü ("Zoom" proqramından istifadə etməklə) vasitəsilə, 3621 nəfərlə telefon vasitəsilə əlaqə saxlanılaraq iş üzrə birlikdə müzakirə aparılmışdır. 200-ə yaxın şagirdlə isə əlaqə yaratmaq mümkün olmayıb. Onların bəzisi dəfələrlə edilən zənglərə cavab verməyib, bəzi telefon nömrələrinə zəng zamanı “nömrə təyin edilməyib” bildirişi gəlib, bəzi nömrələrin isə apellyasiyaya müraciət edən şəxslərə heç bir aidiyyəti olmayıb. Bununla belə, həmin şəxslərin də ərizələri araşdırılmış və qiymətləndirmə meyarlarına uyğun qərarlar verilib.

Apellyasiyaya müraciət edənlərdən 668 şagirdin (bütün imtahan verənlərin 1,4%-i) cəmi 743 tapşırıq (bütün tapşırıqların 0,06%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 126 işdə edilmiş düzəlişlər imtahan verənin yazılı cavab tələb edən tapşırığın həllini (və ya cavabını) başqa yazılı cavab tələb edən tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.

Şagirdlərin nəzərinə çatdırırıq ki, qeyd olunan dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb.

12-13 mart tarixində keçirilmiş imtahanlarla bağlı qeyd edə bilərik ki, artıq müraciətlərin təqribən 60%-dən çoxu araşdırılıb. Bəzi müraciətlərin telefonla cavablandırılmasına başlanılıb. “Zoom”la olan görüşlər isə həftə sonundan etibarən təşkil edilməyə başlanılacaq. Apellyasiya prosesinin yekunu ilə bağlı məlumat növbəti həftənin sonu veriləcək.

3 aprel tarixində keçirilmiş imtahanın nəticələri ilə bağlı edilən müraciətlərin araşdırılmasına növbəti həftə başlanılacaq və iştirakçılarla əlaqə saxlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR