Açıq Hökumət Milli Platformasına daxil olan müraciətlərin sayı açıqlanıb

Açıq Hökumət Milli Platformasına daxil olan müraciətlərin sayı açıqlanıb
# 16 sentyabr 2022 10:28 (UTC +04:00)

Bu vaxta qədər Açıq Hökumət Milli Platformasına müxtəlif problemlərlə bağlı vətəndaşlar tərəfindən 3864 müraciət daxil olub.

APA xəbər verir ki, bunu Açıq Hökumət Milli Platformasının rəhbəri Məhəmməd Quluzadə platformanın rüblük hesabat tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, 20 istiqamət üzrə problemlərə baxılır və göndərilən müraciətlərin sadəcə 1118-i aidiyyəti üzrə müraciətlərdir: "Artıq 600 problem həll olunub, 223 problemin həlli nəzərdə tutulur. Həll olunmayan işlərin sayı isə 297-dir. Problemlərə ən tez reaksiya verən qurum Bakı Şəhər İcra Hakimiyyətidir".

Platforma rəhbərinin sözlərinə görə, dövlət qurumlarının problemlərə yanaşmasında bir sıra nöqsanlar da var. Həmin nöqsanlar aşağıdakılardır:

1. Aidiyyətsiz müraciətlərin çox olması;
2. Dövlət orqanlarının e-mail ünvanlarının işləməməsi;
3. Bəzi dövlət orqanlarının problemin real həllinə çalışmaması;
4. Bəzi dövlət orqanları tərəfindən yanlış məlumatların verilməsi;
5. Eyni problemlərin təkrarlanması (BNA boyası bir müddət sonra solur; tullantılar təmizləndikdən sonra yenə əhali tərəfindən atılır və s.);
6. Rayonlar arası təcili məktub daşınmasında ciddi problemlərin olması.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR