ADA-da "Davamlı sabah üçün qadınlar" mövzusunda konfrans keçirilib - FOTO

ADA-da "Davamlı sabah üçün qadınlar" mövzusunda konfrans keçirilib - FOTO
# 22 noyabr 2022 16:03 (UTC +04:00)

ADA Universitetində “Davamlı Sabah üçün Qadınlar” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.

APA xəbər verir ki, konfransda Latviyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Vija Busa çıxış edib.

O deyib ki, bu konfransda qadınların münaqişədən sonrakı barışıq və yenidənqurma prosesində rolu müzakirə ediləcək.

“Latviya bu istiqamətdə öz təcrübəsini bölüşməyə hazırdır. Biz münaqişədən sonrakı prosesdə, Cənubi Qafqazda normallaşma üçün töhfə verməyə şadıq”, - diplomat bildirib.

Ailə, Qadın və Uşaq Komitəsinin sədrinin müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, qadınların müxtəlif sahələrdə təmsilçiliyinin təşviqi vacibdir və Azərbaycan hökuməti bunu öz gündəliyində də prioritet hesab edir.

Sədr müavini bildirib ki, Azərbaycan 30 illik münaqişədə ciddi itkilər verib, münaqişə dövründə azərbaycanlı qadınların hüquqları pozulub və 44 günlük müharibədə də qadınlar və uşaqlar zərər görüb.

Sədaqət Qəhrəmanova Azərbaycanın beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şəraitində birgə layihələr həyata keçirdiyini, müharibədən zərər çəkən şəxslərlə sosial psixoloji iş aparıldığını diqqətə çatdırıb: “Şəhidlərin ailələrinə, qazilərə, ümumilikdə 10 minədək şəxsə sosial psixoloji dəstək göstərmişik”.

Onun sözlərinə görə, BMT və Britaniyanın Azərbaycandakı səfirliyi ilə birgə münaqişədən əziyyət çəkmiş 3 regionla bağlı layihə həyata keçirilir.

Konfransa videoformatda qoşulan NATO Baş katibinin ictimai diplomatiya üzrə müşaviri Baiba Braze çıxışında Azərbaycan və NATO münasibətlərinə toxunaraq bunun yüksək səviyyədə olduğunu vurğulayıb və Azərbaycanı qlobal təhlükəsizliyə verdiyi töhfəyə görə təqdir edib.

NATO rəsmisi çıxışında cəmiyyətin dayanıqlı strukturunun formalaşmasında qadınların rolunu vurğulayıb. O deyib ki, münaqişə və böhranlarda qadınlar yalnız qurban deyil, onlar həmçinin, bu böhranların həllində aparıcı rol oynaya bilər və hökumətlər qadınların bu rolunu təşviq etməlidir.

“Qadınların sülhyaratma prosesində iştirakı qaçılmazdır. Qadınlar liderliyi ələ almalıdır və münaqişədən sonrakı prosesdə qərarvermədə aktiv iştirak etməlidir”, - Baiba Braze qeyd edib. O deyib ki, qadınların özəl sektorda iştirakı da təmin olunmalı, onların ehtiyacları olan bilik və bacarıqlara çıxışı təmin olunmalıdır.

Konfransa videoformatda qatılan digər iştirakçı Latviya Müdafiə Nazirliyinin parlament katibi Baiba Blodniece çıxışında Ukraynadakı müharibənin qadınlar üzərindəki travmasından danışıb. O, həmçinin qeyd edib ki, bu gün Ukrayna hərbi qüvvələrinin 12 faizini qadınlar təşkil edir: “Onlar həm ön xətdə kişilərlə çiyin-çiyinə savaşır, eyni zamanda, həm psixoloji, həm də tibbi dəstək verir”.

Baiba Blodniece deyib ki, bu gün müharibə nəticəsində Ukraynanı tərk edən mülki şəxslərin 90 faizini qadın və uşaqlar təşkil edir: “Ukraynanın ağrılı təcrübəsi Latviya üçün nəticələr çıxarmağa kömək edib”.

BMT-nin Azərbaycandakı rezident nümayəndəsi Vladanka Andreeva konfransda çıxışında deyib ki, Ukrayna müharibəsinə qədər Azərbaycan bu regionda ən çox məcburi köçkünlərə sahib ölkə idi: “Qadınlar münaqişənin ağır nəticələrinə məruz qalıb”.

BMT-nin rezident nümayəndəsi qadınların sosial, iqtisadi, siyasi sahələrdə fəal təmsilçiliyinin və qərarvermə proseslərində fəal iştirakının vacibliyini vurğulayıb. O deyib ki, gender bərabərliyi və qadınların cəmiyyətdə fəal iştirakı istiqamətində BMT Nümayəndəliyi Azərbaycan hökuməti ilə fəal işləməyə hər zaman hazırdır.

Konfransda, həmçinin Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə çıxış edib. O, NATO və Azərbaycan arasında əməkdaşlıq barədə danışıb. Cəfər Hüseynzadə, həmçinin çıxışında bildirib ki, Azərbaycan qadınlara səsvermə hüququ verən ilk ölkələrdən biridir və müsəlman aləmində bunu edən ilk ölkədir. “Gender bərabərliyi və qadınların fəal təmsilçiliyi bizim səylərimizin mərkəzində olub”, - o vurğulayıb.

Konfransda çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould deyib ki, gender bərabərliyi, qadınların gücləndirilməsi və sülh prosesində iştirakı Britaniya üçün prioritetdir. O vurğulayıb ki, Böyük Britaniya öz təcrübəsini bölüşməyə hər zaman hazırdır.

Britaniyalı diplomat deyib ki, o, Azərbaycanın milli fəaliyyət planını yaxın gələcəkdə təsdiqləyəcəyinə inanır: “İnanıram ki, bizim bu müzakirələrimiz milli fəaliyyət planının qəbuluna təkan verəcək”.

Konfrans panel müzakirələri ilə davam edib.

Müzakirələrdə Latviya, Gürcüstan, Britaniyadan olan ekspertlər və rəsmi təmsilçilər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR