Ağalı kənd orta məktəbində 29 ildən sonra ilk zəng çalınıb - FOTOLENT

# 15 sentyabr 2022 09:59 (UTC +04:00)

Zəngilan rayonunun Ağalı kənd orta məktəbində 29 ildən sonra bu gün ilk zəng çalınıb.

APA xəbər verir ki, tədris ilinin ilk günü münasibətilə keçirilən tədbirdə Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev, elm və təhsil naziri Emin Əmrullayev, digər rəsmilər və media nümayəndələri iştirak edib.

Tədbirdə Azərbaycanın dövlət himni oxunub, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, məktəb müasir texnologiyalarla tikilib, geniş sinif otaqları var, şagirdlər üçün hər cür şərait yaradılıb. O qeyd edib ki, bu gün Ağalı kənd məktəbində çalınan zəng 29 il əvvəl orada çalınandır, məktəb həmin zəngi qoruyub saxlayıb.

Emin Əmrullayev deyib ki, bu gün hər birimizin yaddaşında xoş xatirələrlə qalacaq:

"30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə ilk zəng çalınır. Mən bu tarixi anlarda burada olmaqdan qürur duyuram. Eyni zamanda bu qüruru bizə yaşadan Azərbaycan Ordusunun Ali Baş Komandanı, o cümlədən müzəffər əsgərlərimizə minnətdarlığımızı bildiririk. Bu günlərdə qürurlu olduğumuz qədər son günlər baş verən hadisələrlə bağlı təbii ki, qarışıq hisslər yaşayırıq. Bu bir daha Azərbaycana, vətəndaşlarımıza, əsas da şagirdlərimizə göstərir ki, biz daim güclü olmalıyıq. Yalnız o xalqlar güclü olur ki, onların təhsili güclüdür".

Nazir həm şagird, həm də müəllim kollektivinə uğurlar arzu edib, Şərqi Zəngəzura Azərbaycan təhsilinin qayıtmasına görə ölkə rəhbərliyinə və Azərbaycan Ordusuna təşəkkürünü bildirib.

Qeyd edək ki, 360 şagird yerlik ikimərtəbəli Ağalı kənd məktəbində təhsil almaq üçün 60-dan çox şagird qeydiyyatdan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR