Ağdamda Anım Günü qeyd olunub - FOTO

Ağdamda Anım Günü qeyd olunub - FOTO
# 27 sentyabr 2022 14:40 (UTC +04:00)

İşğaldan azad olunan Ağdam rayonunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub. Şəhidlər Xiyabanına yürüş təşkil olunub, həmçinin şəhidlərin xatirəsi üçün Ağdam ərazisində həmişəyaşıl ağac tingləri əkilib.

APA-nın yerli bürosunun məlumatına görə, Ağdam rayonunda Anım Günü tədbirində Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov və nümayəndəliyinin əməkdaşları, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri, Ağdam ərazisində çalışan şirkət və qurumların işçiləri, həmçinin Ağdam könüllüləri olan bir qrup gənc iştirak edib.

Öncə Ağdam şəhər mərkəzindən Şəhidlər Xiyabanına yürüş təşkil edilib. Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Həmçinin şəhidlərin xatirəsi əks olunan lövhə önünə gül çələngi qoyulub.

Çıxış edənlər 44 Günlük Vətən müharibəsi zamanı əldə olunan parlaq qələbədən söhbət açıb. Daha sonra azad olunan Qarabağ iqtisadi rayonunda aparılan tikinti-quraşdırma işlərindən söhbət açılıb. Bildirilib ki, 30 ilə yaxın müddətdə erməni işğalçıları tərəfindən darmadağın edilən yurd yerlərimizə artıq həyat qayıdıb.

Qeyd edilib ki, bu günlər məhz şəhidlərimizin qanı bahasına gerçəkləşib və 30 illik Vətən həsrətinə son qoyulub. Daha sonra Ağdam məscidinin önündə şəhidlərin xatirəsi sükutla anılıb, ruhlarına dualar oxunub. Daha sonra Ağdam Sənaye Parkı ərazisində şəhidlərin xatirəsi üçün həmişəyaşıl ağaclar əkilib. Gün ərzində davam edən aksiya zamanı əkilən ağaclara aqrotexniki qulluq göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR