Ağdaşda 350-yə yaxın ağac kəsilib, araşdırma aparılır - FOTO

Ağdaşda 350-yə yaxın ağac kəsilib, araşdırma aparılır - FOTO
# 06 may 2022 19:24 (UTC +04:00)

Ağdaş rayonunun Pirəyir kəndində mal-qaranın örüş yeri zəbt olunub, bu torpaq sahəsinin kənarındakı meşə zolağında mövcud olan 350-yə yaxın ağac kəsilib.

Kənd sakinləri Elmira Əhmədova, Elman Orucov, Vahid Abışov, Hörmət Məmmədov, Rahim Əhmədov, Atəş İsmayılov və başqaları APA-nın yerli bürosuna bildiriblər ki, 1998-ci ildə Pirəyir kəndi üçün ayrılan örüş torpaqlarından yerli camaat istifadə edə bilmir.

Mal-qaranı otarmaq üçün yer tapa bilməyən sakinlər həm örüş torpaqlarının geri qaytarılması üçün, həm də qanunsuz olaraq kəsilən ağaclara görə aidiyyəti orqanlara dəfələrlə şikayət ediblər. Vətəndaşların sözlərinə görə, 1000-ə yaxın əhalisi olan bu kənddə bəslənilən 1500-dən çox iri və xırda buynuzlu heyvanların otarılması üçün nəzərdə tutulan 35 hektar örüş sahəsi Nehrəxəlil kənd sakini Bəhərçin Kərimov tərəfindən qanunsuz olaraq zəbt olunub, hazırda orada yonca bitkisi yetişdirilir. Pirəyir sakinləri bu məsələyə görə kəndin keçmiş bələdiyyə sədrini ittiham edirlər. Kənd sakinləri bildirir ki, Bəhərçin adlı şəxs ümumi istifadədə olan bu örüş yerindən şəxsi qazancı üçün istifadə edir, əhalinin mal-qarası həmin əraziyə daxil olduqda o, vətəndaşlar barədə məhkəməyə müraciət edərək onun yonca otuna dəymiş ziyana görə cərimə tələb edir. Bu günlərdə kəndin 4 sakini öz inəklərini bu qanuni örüş yerində otardığına görə, Bəhərçin Kərimovun müraciəti əsasında məhkəmənin qərarı ilə onların hər biri 2 min manat olmaqla ümumilikdə 8 min manat cərimələnib. Vətəndaşlar bu məsələ ilə bağlı kənd bələdiyyəsinə, icra hakimiyyətinə, prokurorluğa müraciət etdiklərini, amma torpaqların hələ də onlara qaytarılmadığını bildirirlər. Kənd sakinləri örüş torpaqlarına görə bir neçə dəfə etiraz aksiyası keçirib, Rayon İcra Hakimiyyətinin qarşısına toplaşıblar.

İcra hakimiyyətindən vətəndaşlara şifahi olaraq həmin torpaqların kəndin örüş yeri olduğu, məsələnin araşdırılacağı deyilsə də, onlar neçə vaxtdır ki, nəticənin olmadığını, mal-qaranı otarmağa yer tapmadıqları üçün çarəsiz qaldıqlarını bildirirlər.

Məsələ ilə bağlı Ağdaş rayon İcra Hakimiyyəti başçısının Pirəyir kənd inzibati dairəsi üzrə nümayəndəsi Elsevər Hacıyev APA-nın yerli bürosuna bildirib ki, icra hakimiyyətində vətəndaşlarla görüş keçirilib, icra başçısı Tofiq İbrahimov sakinlərin şikayətini dinləyib, işin araşdırılması üçün müvafiq qurumlara tapşırıq verib, orada qanunsuz hərəkət varsa, tədbir görüləcəyini bildirib.

Türyançay çayının kənarında, Pirəyir kəndinin zəbt olunmuş örüş yerində olan 350-yə yaxın müxtəlif növ ağacın Bəhərçin Kərimov tərəfindən qazanc məqsədilə kəsilərək yeşik sexlərinə satılması, ağacların qol-budağının isə kənd yolunun kənarına toplanılması ilə bağlı vətəndaşların şikayəti əsasında Ağdaş rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Yerli sakinlər ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktubla müraciət etdiklərini, lakin bu əməli törədən Bəhərçin Kərimov barədə tədbir görülmədiyini bildiriblər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-nın yerli bürosuna bildirib ki, hazırda nazirliyin yerli regional idarəsinin mütəxəssisləri kəsilmiş ağaclarla bağlı Pirəyir kəndindəki həmin əraziyə baxış keçirir, araşdırma aparılır, bununla bağlı yaxın vaxtda ictimaiyyətə məlumat veriləcək.

Kənd əhalisi isə mal-qaranın örüş yerinin tezliklə geri qaytarılmasını, ağacları kəsən şəxsin məsuliyyətə cəlb olunmasını istəyir. Dəfələrlə şikayət məktubları göndərilsə də, aidiyyəti qurumların bu məsələyə biganə yanaşması yerli sakinləri narahat edir.

Bəhərçin Kərimov isə APA-nın yerli bürosuna bildirib ki, ona verilən 4 hektar pay torpağının kənarına 15 il öncə atası ilə birgə ağaclar əkib, lakin orada yanğın zamanı kol-kos və ağaclar yanıb: “Mən yanmış ərazini təmizləyərkən ağacları oradan götürüb yolun kənarına yığmışam. Ağacları qəsdən yandırıblar, mən isə yanmış ağacların yerinə ağaclar əkmişəm”.

Bəhərçin Kərimov pay torpağının yanındakı örüş yerinin zəbt olunması ilə bağlı danışarkən qeyd edib ki, o, kəndin 16 hektar örüş yerini 2000-ci ildə Pirəyir bələdiyyəsinin sədri Vaqif Səmədovun dövründə icarəyə götürüb, sonra 2300 manat rüsum ödəyərək alqı-satqı yolu ilə əldə edib. Örüş yerini kol-kosdan təmizlədiyini, yük maşınları ilə torpaq gətirərək çökək əraziləri doldurduğunu, oranı əkin üçün yararlı hala saldığını bildirən Bəhərçin Kərimov 2016-cı ildə Şəki İqtisad Məhkəməsinin qərarından sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış aldığını, həmin əraziyə yonca toxumu səpdiyini, barama qurdu bəsləmək üçün Çindən gətirilən 500 ədəd tut tingi əkdiyini qeyd edib. Bəhərçin Kərimov son vaxtlar ayrı-ayrı vətəndaşlar tərəfindən torpaq sahəsinin kənarındakı kol-kos çəpərin, ağacların yandırıldığını, torpaqdan istifadə edə bilmədiyini, əziyyətlə becərdiyi tut tinglərini və yonca sahəsini məhv etmək üçün orada kəndin inəklərinin otarıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR