Agentlik sədri: "Azərbaycan dilində lazımı kitabların tapılması ciddi problemdir"

Orxan Məmmədov

© APA | Orxan Məmmədov

# 31 may 2022 11:50 (UTC +04:00)

"Nazirlər Kabinetinin müvafiq Qərarı ilə kütləvi informasiya vasitələri məhsullarının və müvafiq siyahı ilə müəyyən edilən nəşr, materialların idxalı, eyni zamanda satışının əlavə dəyər vergisindən azad edilməsi təhsil sahəsinə əlavə dəstək kimi qiymətləndirilir".

"APA-Economics" xəbər verir ki, bunu "Təhsil biznesi problem və perspektivlər" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan dilində lazımı kitabların tapılması müstəqilliyin ilk günlərindən başlayaraq, son illərə qədər ciddi problem olaraq qalmaqdadır.

"Əminəm ki, bu qərar özəl təhsil müəssisələrinin kitabxana fondunu genişləndirməyə, xərclərin azaldılmasına müsbət təsir göstərəcək',- deyə Orxan Məmmədov qeyd edib.

Agentlik sədri əlavə edib ki, KOBİA təhsil biznesi sahəsində əlavə dəstək və təşviq mexanizmlərini özündə birləşdirən qanunvericilik bazasının təkmilləşdirilməsi, təhsil biznesinin dəstəklənməsi və təşviqi, təhsil biznesi ilə məşğul olan sahibkarlarla birlikdə onların layihələrinin icrasında iştirak istiqamətlərində dəstəyini və iştirakını davam etdirməkdədir.

"Bu istiqamətdə xüsusi marağın artdığı sahələrdən biri də məhz peşə təhsilidir. Ölkədə bu yöndə yeni çağırışlara uyğun formatlar yaradılır, pilot təhsil proqramları, karyera planlaşdırmaları tətbiq olunur. Əvvəlki illərdən fərqli olaraq, ümumtəhsil məktəblərində yaxşı oxuyan şagirdlər də peşə təhsili müəssisələrində təhsil alırlar. Bu sahədə əsas strategiya sektorun inkişafını təmin etmək, beynəlxalq tərəfdaşlıq sayəsində müasir kadr hazırlığını daha da təkmilləşdirməkdən ibarətdir. Çünki ölkənin sosial-iqtisadi inkişafı bir çox cəhətdən bu amildən də asılıdır"- deyə Orxan Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR