AHİK: Türkiyənin həmkarlar təşkilatı şəhid ailələrinə maddi yardım edib

AHİK: Türkiyənin həmkarlar təşkilatı şəhid ailələrinə maddi yardım edib
# 14 yanvar 2022 12:51 (UTC +04:00)

Yanvarın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə səfərdə olan Türkiyənin həmkarlar ittifaqları mərkəzlərindən biri olan - “Hak-İş” Konfederasiyasının sədri Mahmut Arslan və qurumun baş katibi Eda Günərlə görüşüb.

AHİK-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, həmçinin iki qurum arasındakı əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.

AHİK sədri bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri məqsədyönlü siyasət sayəsində ölkələrimiz arasındakı münasibətlər daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

“Hak-İş” Konfederasiyası tərəfindən şəhid ailələrinə və qazilərə, həmçinin Şərqi Zəngəzurun və Qarabağın bərpasına xərclənməsi üçün AHİK-in hesabına köçürülən 25 000 ABŞ dolları vəsaitə görə türkiyəli həmkarına təşəkkür edən AHİK sədri Azərbaycanda şəhid ailələrinin, qazilərin, veteranların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu və prosesdə ictimai təşkilatların da fəallığını diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkür edən “Hak-İş” Konfederasiyasının sədri Mahmut Arslan Vətən müharibəsində Azərbaycanın qazandığı qələbəni tarixi hadisə adlandırıb və bu münasibətlə azərbaycanlı həmkarlarını təbrik edib.

Görüşdə həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR