Aİ və ÜST son iki ildə Azərbaycana 1 milyondan artıq fərdi mühafizə vasitəsi verib

Aİ və ÜST son iki ildə Azərbaycana 1 milyondan artıq fərdi mühafizə vasitəsi verib
# 16 iyul 2022 18:39 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə layihəsi olan Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün yekun nəticələri təqdim edilib.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyindən APA-ya bildirilib ki, layihə çərçivəsində COVID-19 pandemiyası ilə mübarizə və cavab tədbirlərinin gücləndirilməsi məqsədilə müxtəlif istiqamətlərdə milli səhiyyə tərəfdaşlarına texniki dəstək göstərilib.

Layihənin həyata keçirildiyi müddətdə 521 tibb avadanlığı, o cümlədən 6 ventilyator və 1 BiPAP cihazı, 81 pasiyent monitoru, 141 oksigen konsentratoru və 229 nəbz oksimetri layihə çərçivəsində milli tərəfdaşlara təhvil verilib.

Eyni zamanda, COVID-19 ilə ön cəbhədə mübarizə aparanların sağlamlığını qorumaq üçün 1 milyondan artıq fərdi mühafizə vasitəsi və 17600 əl gigiyenası ləvazimatı ölkənin tibb müəssisələrinə təqdim edilib.

Layihə tərəfindən 23 tibb müəssisəsi infeksiyaların profilaktikası və nəzarət üzrə, 5 tibb müəssisəsi COVID-19 hallarının idarəolunması, 7 tibb müəssisəsi oksigen təchizatı və istifadəsi üzrə qiymətləndirilib və müvafiq tövsiyələr verilib.

Eyni zamanda, COVID-19 hallarının idarə edilməsi üzrə təlimatın yenilənməsi və infeksiyanın profilaktikası və nəzarət (İPN) üzrə İşçi Qrupunun yaradılması və fəaliyyəti dəstəklənib. COVID-19 ilə mübarizə potensialının gücləndirilməsi məqsədilə 7800 tibb işçisi, tibb tələbəsi, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis və media nümayəndəsi müvafiq təlimlərə cəlb edilib.

Qısa müddət ərzində “OpenWHO” onlayn təlim platformasında azərbaycanlı tibb işçiləri tərəfindən qeydiyyatdan keçilən kursların sayı 10 dəfə artaraq 18000-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR