Ailə başçısını itirməyə görə şərti əmək pensiyası müəyyənləşir

Ailə başçısını itirməyə görə şərti əmək pensiyası müəyyənləşir
# 13 may 2022 12:09 (UTC +04:00)

Şərti əmək pensiyası olacaq.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, şərti əmək pensiyası ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması zamanı şəxsin vəfat etdiyi tarixə əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) münasibətdə hesablanan şərti pensiya məbləği olacaq.

Təklif olunan digər dəyişikliklə prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödəniləcək.

Hazırda qüvvədə olan qanuna əsasən, prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunda bəzi kateqoriya şəxslərin (dövlət qulluqçusunun, hərbi qulluqçunun, deputatın və s.) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyası və əmək pensiyasına əlavənin vəfat etmiş ailə başçısının “almalı olduğu” pensiya məbləğindən hesablanması göstərilir. Lakin sözügedən ifadə təcrübədə müvafiq maddənin tətbiqində bəzi anlaşılmazlıqların yaranmasına səbəb olur ki, bu da nəticə etibarı ilə vətəndaşların haqlı narazılığına və məhkəmə çəkişmələrinin çoxalmasına səbəb olur.

Təklif olunan layihədə Qanuna 1.0.1-1-ci maddə ilə “şərti əmək pensiyası” anlayışı əlavə edilərək Qanunun 20-ci maddəsinin müvafiq maddələrində “almalı olduğu” sözləri “şərti əmək pensiyası” sözləri ilə əvəzlənəcək ki, bununla da gələcəkdə sözügedən maddədə nəzərdə tutulmuş şəxslərin ailə üzvlərinə təyin olunacaq əmək pensiyasının məbləğinin hesablanması mexanizmini daha da dəqiqləşdirəcək, eləcə də izafi məhkəmə çəkişmələrinin azalmasına nail olunacaq. Bununla yanaşı qeyd olunmalıdır ki, təklif edilən maddə hər hansı bir kateqoriyadan olan şəxslərin hüquqlarının məhdudlaşdırılması və ya genişləndirilməsini nəzərdə tutmayaraq, sadəcə müvafiq maddələrin hüquqi mənasının aydınlaşdırılmasına və daha asan başa düşülməsinə hesablanıb.

Qanun layihəsi səsə qoyularaq üçünü oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR