"Növbəti mərhələdə ali təhsil müəssisələrinin proqram akkreditasiyası aparılacaq".
APA xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Ülkər Səttarova keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, hələlik əsasən institusional akkreditasiyanın aparılması ilkin plandadır:
"Qeyd edim ki, bizim akkreditasiya meyarlarımızın 80 faizi Avropa Akkreditasiya Agentliyinin meyarlarına uyğundur, 20 faiz hissəsi isə yerli standartlara uyğunlaşdırılıb".
Ülkər Səttarova deyib ki, ali təhsil müəssisələrinin akkreditasiyası 7 istiqamət, 30 meyar və 271 indikator üzrə aparılır:
"Bu meyarlar müəssisənin fəaliyyətinə dair bütün sahələri əhatə edir. Burada ali təhsil müəssisəsinin təlim-tədris prosesi, elmi tədqiqat fəaliyyəti, maddi-texniki bazanın hansı səviyyədə olması, idarəetmə, beynəlxalq əlaqələr və s. yoxlanılır".