AMEA: Rəyasət Heyəti Aparatının sıravi işçiləri direktorlardan çox maaş alır

AMEA: Rəyasət Heyəti Aparatının sıravi işçiləri direktorlardan çox maaş alır
# 27 aprel 2022 12:13 (UTC +04:00)

AMEA-nın Rəyasət Heyəti Aparatının sıravi işçiləri elmi müəssisələrin direktorlarından daha çox maaş alır.

APA xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev AMEA-nın Ümumi yığıncağında deyib.

O, problemlərin həlli üçün təkliflər verib: “Qüvvədə olan normativ-hüquqi sənədlərə əsasən AMEA-da əmək haqqının ödənilməsi üçün 2 mexanizm var. Birincisi, AMEA Rəyasət Heyəti Aparatının, Gəncə bölməsinin aparatının işçiləri üçün xüsusi cədvəl üzrə, ikincisi AMEA-nın elmi müəssisə və təşkilatlarının işçiləri üçün vahid tarif cədvəli üzrə əmək haqların ödənilməsidir. Bu cədvələ görə AMEA Rəyasət Heyətinin sıravi işçiləri elmi müəssisələrin baş direktorlarından, icraçı direktorlarından, elmi katiblərdən, elmi şöbələrin rəhbərlərindən çox maaş alır. Elmi müəssisələrdə inzibati-idarəetmə və köməkçi heyətin elmi yaradıcı heyətlə əmək haqlarının Vahid Tarif Cədvəli üzrə eyni mexanizmlə ödənilməsi elmi işçilərdə motivasiya yaratmır.

Elmi işçilər kateqoriyasının əməyi baza əmək haqqı saxlanılmaqla elmi problemlərin ünvanlı maliyyələşdirilməsi əsasında motivasiya yaradıcı, stimullaşdırıcı mexanizmlər əsasında müəyyənləşdirilməsi üçün zəruri normativ hüquqi baza yaradılmalıdır. AMEA üzrə inzibati idarəetmə və köməkçi heyətlərin əmək haqları vahid mexanizm əsasında ödənilməsi üçün müvafiq tədbirlər görülməlidir”.

Akademik deyib ki, son zamanlar AMEA-nın strukturuna daxil edilən mühüm vəzifələr (baş direktor, icraçı direktor, baş menecer və s.) iş prosesində ciddi problemlər yaradır.

O bildirib ki, elmin koordinasiyası işi dissertasiyaların qeydiyyatı istisna olmaqla demək olar ki aparılmır:

"Elmin təşkili və idarəolunması işləri müasir texnologiyaların tərbiqi yenidən qurulmalıdır. Elmi fəaliyyətin kompleks analizi, qiymətləndirilməsi və analitik hesabatların hazırıanması üçün beynəlxalq təcrübə və standartların geniş tətbiqi təmin edilməlidir. Elmin koordinasiyası işləri tamamilə yenidən təşkil olunmalı, zəruri tənzimləyici mexanizmlər işlənilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR