AMEA "TEKNOFEST Azərbaycan"la bağlı iclas keçirib

AMEA "TEKNOFEST Azərbaycan"la bağlı iclas keçirib
# 03 iyun 2022 13:48 (UTC +04:00)

"TEKNOFEST Azərbaycan" festivalında Azərbaycan Milli Elmlər Akademiyasının iştirakının nəticələrinə həsr olunmuş AMEA Rəyasət Heyətinin xüsusi iclası keçirilib.

APA xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti vəzifələrini icra edən akademik Arif Həşimov deyib ki, elmin və texnologiyaların məşhurlaşdırılması, Azərbaycanda aerokosmik texnologiyalar, müdafiə sənayesi və innovativ sahibkarlıq kimi sahələrin geniş təbliğ edilməsi, rəqəmsal bilik və bacarıqlara malik istedadlı gənclərə dəstək göstərilməsi, ölkədə kadr potensialının gücləndirilməsi və milli texnoloji həllərin inkişafı üçün zəmin yaradılması festivalın əsas hədəfləri sırasında olub.

AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev bildirib ki, festivalın hazırda dünyada və regionda baş verən yeni sosial-iqtisadi, siyasi, geosiyasi, həmçinin elmi və mədəni proseslər kontekstində ölkədə elmi-innovativ fəaliyyətin təşkili, türk dünyası ilə əməkdaşlıq əlaqələrinin inkişafı, elmin populyarlaşdırılması, texnoloji transfer və s. istiqamətlərdə Azərbaycan elmi qarşısında bir sıra yeni vəzifələr müəyyənləşdirir.

Sonda AMEA Rəyasət Heyətinin “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalında AMEA-nın iştirakının nəticələri haqqında” qərarı səsləndirilib. Qərara əsasən, AMEA-nın “TEKNOFEST Azərbaycan” 5-ci Aviasiya, Kosmos və Texnologiya Festivalında iştirakı yüksək qiymətləndirilib.

Sənəddə, həmçinin 2023-cü ildə Türkiyənin Samsun şəhərində keçiriləcək 6-cı “TEKNOFEST ” Festivalında AMEA-nın fəal iştirakı və orada elm və texnologiya sahəsində məhsullarının nümayişi ilə bağlı Tədbirlər Planının hazırlanması, Türkiyənin elm və təhsil qurumları ilə elmi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, birgə elmi araşdırmaların aparılması, qarşılıqlı kadr mübadiləsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi və s. məsələlər əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR