AQTA: 694 qida subyektində işçilərin tibbi müayinədən keçirilmədiyi aşkarlanıb

AQTA: 694 qida subyektində işçilərin tibbi müayinədən keçirilmədiyi aşkarlanıb
# 01 sentyabr 2022 17:17 (UTC +04:00)

Nəzarət tədbirləri çərçivəsində 2022-ci ilin müvafiq dövrü ərzində Qida Təhlükəsizliyi Agentliyiyi respublika üzrə fəaliyyət göstərən 1195 istehsal, ticarət və ictimai iaşə müəssisəsində planlı və plandankənar yoxlamalar keçirib.

AQTA-dan APA-ya bildirilib ki, yoxlamalar zamanı 694 qida subyektində (obyektində) obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi aşkarlanıb.

Bu isə yoxlama keçirilmiş qida subyektlərinin (obyektlərinin) 58%-ni təşkil edir.

Statistikadan da göründüyü kimi, hazırda bu sahədə ciddi qayda pozuntuları mövcuddur və yol verilən qanunsuz hallar insanların təhlükəsizliyi və sağlamlığı ilə bağlı təhlükə riskini yaradır.

Aparılan araşdırmalar zamanı həmin ticarət və ictimai iaşə müəssisələrində çalışan, obliqat qrupuna daxil olan, ancaq ilkin və dövri tibbi müayinədən keçirilməyən işçilərdə bir sıra xəstəliklər aşkar edilib ki, bu da sözügedən müəssisələrdə işçilərin tibbi müayinədən keçirilməsinin təmin olunmadığını göstərir.

AQTA ticarət və ictimai iaşə müəssələrində bu istiqamətdə yoxlama-nəzarət tədbirlərinin miqyasını daha da genişləndirib və aşkar olunan qanunsuz hallarla bağlı müvafiq tədbirlər həyata keçirib. Həmin tədbirlər çərçivəsində tibbi müayinədən keçməyən əməkdaşların işdən uzaqlaşdırılması ilə bağlı qərarlar qəbul edilib.

Agentlik bəyan edib ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri bu istiqamətdə öz üzərinə düşən məsuliyyəti dərk edərək məsələyə ciddi yanaşmalı və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR