Arif Həşimov: “AMEA-nın ümumi yığıncağının formatına dəyişiklik edilib” - FOTO - YENİLƏNİB

Arif Həşimov: “AMEA-nın ümumi yığıncağının formatına dəyişiklik edilib” - FOTO  - YENİLƏNİB
# 27 aprel 2022 12:04 (UTC +04:00)

AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Ümumi yığıncaqda çıxış edib.

APA xəbər verir ki, akademik 2021-ci ilin elm sahəsində bir sıra hadisələrlə yadda qaldığını, respublikanın elmi müəssisələrində çalışan alimlərin fundamental və tətbiqi tədqiqatlarını davam etdirdiyini, elmi və elmi-təşkilati fəaliyyət sahələrində bir sıra mühüm nəticələr, uğurlar əldə etdiklərini diqqətə çatdırıb:

“Bu il Ümumi yığıncağın formatına müəyyən dəyişiklik edilib, əvvəlki illərdən fərqli olaraq, hesabatlar Akademiyanın akademik-katibi tərəfindən deyil, bölmələrə rəhbərlik edən vitse-prezidentlər tərəfindən təqdim olunacaq”. O, dəyişikliyin əsas məqsədinin Akademiyanın əsas aparıcı strukturu olan bölmələrin müxtəlif elmi istiqamətlər üzrə həyata keçirdikləri elmi-tədqiqatları və təşkilati işləri daha müfəssəl təqdim etmək, daha səmərəli müzakirələr keçirmək olduğunu deyib.

Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Elmlər Akademiyasının təsis edildiyi 27 mart tarixinin respublikada “Elm günü” olaraq müəyyən edildiyini xatırladan AMEA rəhbəri son illər koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlərə görə, “Elm günü”nün lazımi səviyyədə qeyd edilməsinin mümkün olmadığını söyləyib:

“Bu il pandemiya ilə bağlı karantin rejimi şərtləri yumşaldığı üçün AMEA-nın elmi bölmələri, müəssisə və təşkilatları tərəfindən təqdim olunan təkliflər əsasında “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanıb. Bu tədbirlər elmi fəaliyyətin cəmiyyətdə nüfuzunun gücləndirilməsi, elmin populyarlaşdırılması, alimlərin əməyinin qiymətləndirilməsi, onların yeni elmi nailiyyət və uğurlara təşviq edilməsi və s. istiqamətləri əhatə edir”.

Akademik Arif Həşimovun giriş nitqindən sonra AMEA-nın elmi bölmələrinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabatları dinlənilib.

11:00

Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı başlayıb.

APA-nın xəbərinə görə, Ümumi yığıncağı AMEA-nın Prezidenti vəzifəsini müvəqqəti icra edən Arif Həşimov giriş nitqi ilə açıb.

Proqrama əsasən, Ümumi yığıncaqda AMEA-nın vitse-prezidentləri Rasim Əliquliyev, Dilqəm Tağıyev, İbrahim Quliyev, İradə Hüseynova, İsa Həbibbəyli və Gövhər Baxşəliyeva, eyni zamanda AMEA-nın Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyev, Gəncə bölməsinin sədri Fuad Əliyev 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabat verəcəklər.

Bundan əlavə, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli qurumun Nizamnaməsi haqqında məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, Ümumi yığıncaqdan əvvəl “Elm günü”nə həsr edilmiş Akademiyanın elmi nailiyyətlərinin sərgisinin açılışı olub. Sərgi ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlər tanış olublar.

Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarının nümayəndələri əldə edilən nailiyyətlər, kitab və monoqrafiyalar, bukletlər, kataloqlar, yüksək məhsuldarlığı ilə seçilən bitki sortları, flora nümunələri, dezinfeksiyaedici ultrabənövşəyi robot, dronlar, sürtkü yağları və s. haqqında gələn qonaqlara məlumat veriblər. Həmçinin müəssisələrin nailiyyətləri quraşdırılmış monitorlar vasitəsilə əyani nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR