ATU-da iki yeni kafedra yaradılıb

Azərbaycan Tibb Universiteti

© APA | Azərbaycan Tibb Universiteti

# 07 yanvar 2022 10:51 (UTC +04:00)

Azərbaycan Tibb Universitetində iki yeni kafedra yaradılıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris və təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri, dosent Samir Cavadov məlumat verib. O, son zamanlar səhiyyədə aparılan islahatlar nəticəsində əhaliyə ilkin səhiyyə xidmətinin təşkili və bu sahə üzrə mütəxəssislərə ehtiyac yarandığını söyləyib.

Şöbə müdiri bildirib ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş yeni təhsil proqramının peşə kompetensiyaları ilkin səhiyyə xidmətinə uyğun hazırlanıb, peşə profilində məzunların ilkin səhiyyə xidmətində fəaliyyət göstərməsi nəzərdə tutulub: “İlkin səhiyyə xidmətini göstərə bilməsi üçün tələbələrin daha çox ailə həkimliyi, ictimai səhiyyə və təcili tibb üzrə praktik bacarıqlara sahib olması vacibdir. Bu məqsədlə də təcili tibb sahəsində yeni strukturların yaradılması və mütəxəssislərin hazırlanması zərurətə çevrilib".

S.Cavadovun sözlərinə görə, bununla yanaşı, baza tibb təhsilinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, müasirləşdirilməsi, rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanması nəzərə alınıb. Beləliklə, proqramların dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğunlaşdırılması məqsədilə 2022-2023-cü tədris ilindən etibarən “Təcili tibb” kafedrasının yaradılması məqsədəuyğun hesab edilib.

Dünyada tibb təhsili sahəsində magistratura və doktorantura proqramlarının da mövcud olduğunu vurğulayan şöbə müdiri qeyd edib ki, bu proqramlardan məzun olanlar tibb universitetlərində yaradılmış tibb təhsili kafedralarında mütəxəssis kimi çalışırlar: “Bununla yanaşı, tibb təhsili mütəxəssisləri Türkiyə də daxil olmaqla bir çox ölkələrdə dövlət və qeyri-hökumət təşkilatlarında tibb təhsili ilə əlaqəli tədqiqat və təhsilin planlaşdırılması, idarə edilməsi və qiymətləndirilməsində mütəxəssis və ya konsultant olaraq fəaliyyət göstərə bilirlər. Beynəlxalq arenada olduğu kimi, Azərbaycanda da elm sahəsində tibb təhsilinin inkişafına töhfə verən, akademik tədqiqatlar aparan insan gücünün hazırlanmasına ehtiyac var. Bu proqramlar stomatologiya, tibb bacısı, əczaçılıq kimi sahələrdə də təhsil istiqamətli mütəxəssislərin hazırlanmasına kömək edir. Bütün bunlar Azərbaycan Tibb Universitetində “Tibb və sağlamlıq elmləri təhsili” kafedrasının da yaradılmasını zərurətə çevirib".

Qeyd edək ki, adları çəkilən kafedraların yaradılması barədə məsələ Tədris və təhsildə keyfiyyət təminatı şöbəsinin təqdimatı ilə Böyük Elmi Şuranın müzakirəsinə çıxarılıb. Elmi şuranın üzvləri hər iki kafedranın yaradılmasına razılıq veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR