Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
# 08 may 2022 15:20 (UTC +04:00)

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin cari ilin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.

DİM-dən APA-ya verilən məlumata görə, imtahan ümumilikdə 21 şəhər və rayonda, 95 binada təşkil olunub. İmtahanda xüsusi təyinatlı təhsil müəssisələrinin – cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin, internat məktəblərinin şagirdləri də iştirak ediblər.

İmtahanda 13 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli və digər) şagird iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 1 saat 30 dəqiqə davam edib.

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Bu gündən başlayaraq DİM-də imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin 3 həftə ərzində elan edilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR