Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 07 may 2023 13:05 (UTC +04:00)

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.

DİM-dən APA-ya verilən xəbərə görə, imtahan ümumilikdə 21 şəhər və rayonda, 105 binada təşkil olunub. İmtahanda xüsusi təyinatlı təhsil müəssisələrinin – cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin, internat məktəblərinin şagirdləri də iştirak ediblər.

İmtahanda 21 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, serebral iflic və digər) şagird iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.

İmtahanın idarə olunması üçün 105 ümumi imtahan rəhbəri, 279 imtahan rəhbəri, 2160 nəzarətçi-müəllim ayrılıb, 317 buraxılış rejimi əməkdaşı (mühafizə), 105 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, 1 nəfərdə yoluxucu xəstəlik – qızılca müşahidə olunduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Bu gündən başlayaraq DİM-də imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin 2 həftə ərzində elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan dili imtahanının ikinci cəhdi iyunun 18-də keçiriləcək. Bu imtahanda iştirak etmək üçün qeydiyyat 25 may – 5 iyun tarixlərində olacaq.

***

saat 07.00

Bu gün tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən APA-ya bildirilib ki, imtahan ümumilikdə 21 şəhər və rayonda, 105 binada aparılacaq.

İmtahanda ümumilikdə 23108 (Bakıda 15624, Sumqayıtda 875, Abşeronda 809, Naxçıvanda 70, Gəncədə 1530, Şəmkirdə 84, Tovuzda 168, Mingəçevirdə 215, Yevlaxda 109, Şəkidə 152, Zaqatalada 337, Balakəndə 222, Qəbələdə 193, Qaxda 194, Bərdədə 231, Göyçayda 258, Şirvanda 308, Lənkəranda 363, Qubada 243, Qusarda 498, Xaçmazda 625) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanın idarə olunması üçün 105 ümumi imtahan rəhbəri, 279 imtahan rəhbəri, 2160 nəzarətçi-müəllim ayrılıb, 317 buraxılış rejimi əməkdaşı (mühafizə), 105 bina nümayəndəsi ayrılıb.

Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:

- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;

- oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR