Azərbaycan, Litva və Avstriya məişət zorakılığına qarşı birgə tədbirlər keçirəcək - FOTO

Azərbaycan, Litva və Avstriya məişət zorakılığına qarşı birgə tədbirlər keçirəcək - FOTO
# 12 yanvar 2022 15:30 (UTC +04:00)

“Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsinin bağlanış tədbiri keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, artıq 2 ildir ki, Tvininq layihəsi həyata keçirilir. O qeyd edib ki, layihə 3 ölkə - Litva, Avstriya və Azərbaycanın birgə həyata keçirdiyi layihədir:

"Layihənin maliyyə mənbəyi isə Avropa İttifaqıdır. Layihə çərçivəsində dünyada qadın və məişət zorakılığının qarşını necə alınması ilə bağlı suala cavab tapmaq istədik. Daha hansı sənədlərə ehtiyac olduğu lazım olduğu qeyd olundu və yeni sənədlər hazırlandı. Bununla bağlı layihələr hazırlanıb Nazirlər Kabinetinə göndərilib. Bu layihələr hələ qəbul olunmayıb".

S.Qəhrəmanova qeyd edib ki, layihə müddətində treninqlər keçirilib və təlimçilər hazırlanıb:

"Avstriya və Litvada məişət zorakılığı ilə bağlı dövlətin dəstəyi ilə daha çox qeyri-hökumət təşkilatları fəaliyyət göstərirdi. Bizdə isə bu işdə bilavasitə dövlət qurumları iştirak edir. Bizə qeyri-hökumət təşkilatlarına dəstək verməklə bu istiqamətdə hansı addımlar ata biləcəyimizi bilmək lazımdır. Həmçinin məişət zorakılığının törədən insanlarla işləmək lazımdır. Biz əksər vaxt zorakılığa məruz qalanlar işləyirik. Amma bunu törədənlərlə məşğul olub onun psixoloji durumunu bilməliyik. Çünki bəzən belə şəxslər ikinci dəfə evlənəndə belə yenidən zorakılığa əl atırlar. Həmçinin düşünürük ki, bələdiyyələri bu işə cəlb edək və onlar bu istiqamətdə monitorinqlər həyata keçirsinlər. Azərbaycanda elə də yüksək faiz məişət zorakılığı yoxdur. Faktlar var. Amma bunun da qarşısını ala bilərik".

Daha sonra Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri Peter Mihalko qeyd edib ki, layihə çərçivəsində Azərbaycan, Litva və Avstriya məişət zorakılığı istiqamətində tədbirlər həyata keçiriblər. O tərəfdaşlara təşəkkür edib:

"Bəzən KİV-də məişət zorakılığı ilə bağlı məlumatlar oxuyuruq. Təbii ki, pandemiyanın da məişət zorakılığı hallarına mənfi təsirləri olub. Təkcə Azərbaycanda deyil, bütün dünyada belə halların artmasına gətirib çıxarıb. Həm siyasi səviyyədə, həm də qeyri- hökumət təşkilatları səviyyəsində səylərimizi birləşdirməliyik. Layihə nəticəsində həm qanunvericiliyə, həm də İnzibati və Cinayət Məcəlləsinə müəyyən düzəliş və tövsiyələr hazırladıq. Aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra bu təklifləri Nazirlər Kabinetinə təqdim edəcəyik. Bu zaman qurumlar daxilində monitorinq qruplarının yaradılması da nəzərdə tutulub. Bununla məişət zorakılığının kriminallaşması istiqamətində irəliləməsinə nail olacağıq. Bu da İstanbul Konvensiyasında öz əksini tapmışdı. Bundan başqa biz məişət zorakılığı törədənlərin şəxslərin də reabilatiyaya cəlb olunmasını təklif etmişik. Qanunvericilik səviyyəsində məişət zorakılığının qarşısını daha yaxşı ala biləcəyik. Hər yerdə qadınlar məişət zorakılığına məruz qalırlar. Bu bütün ölkələrdə var".

Sonra çıxış edən Litvanın Azərbaycandakı səfiri Egidijus Navikas deyib ki, bu istiqamətdə ortaq təcrübələrin bölüşdürülməsi lazımdır. Onun sözlərinə görə, Litva qurumları Aİ-nin Tvininq layihələrinin digər ölkələrdə keçirilməsində yaxından iştirak edir:

"Araşdırmalar göstərir ki, profilaktikası xərclənən vəsait nəticə etibarilə məişət zorakılığının azaldılmasına gətirib çıxarır. Məişət zorakılığı qlobal fenomendir. Heç bir ölkə bu məsələni tək həll edə bilməz. Əməkdaşlıq çərçivəsində zorakılıq halları aradan qaldırıla bilər".

Avstriya səfiri Aleksander Bayerl qeyd edib ki, 2021- ildə çoxlu dəhşətli hadisələrin şahidi olmuşuq. Səfir vurğulayıb ki, məişət zorakılığı bir ölkəyə aid məsələ deyil:

"Əsas məsələ odur ki, Azərbaycan bu məsələyə çox diqqət göstərir. Məişət zorakılığı ilə bağlı qlobal çərçivədə problemlər var. Xüsusən kişilər tərəfindən qadınlara qarşı zorakılıq hallarına xüsusi diqqət yetirməliyik. Həmçinin uşaqların, yaşlıların məişət zorakılığına məruz qaldığını görürük".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR