“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı olub - FOTO

“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı olub - FOTO
# 08 iyun 2022 15:38 (UTC +04:00)

Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)” kitabının təqdimatı keçirilib.

APA xəbər verir ki, kitab Bakı Dövlət Universiteti tərəfindən nəşr edilib.

Təqdimat mərasimində əvvəlcə Dövlət himni səsləndirilib.

Daha sonra Azərbaycanın azadlığı və müstəqilliyi uğurunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun rektoru, layihənin rəhbəri və kitabın elmi məsləhətçisi Elçin Babayev deyib ki, müstəqil Azərbaycan tarixini özündə sistemli, əhatəli, etibarlı tarixi mənbələr əsasında əks etdirən kitabın elmi ictimaiyyət, tarixçilər, politoloqlar tərəfindən rəğbətlə qarşılanacağına əmindir: “Azərbaycan Respublikasının tarixi” kitabı tariximizin daha dolğun və ətraflı əks etdirilməsi istiqamətində atılmış ilk addımlardan biridir. Kitabın əsas qayəsi ölkəmizin 30 ildə keçdiyi tarixi inkişaf yolunu – müstəqilliyinin ilk illərində parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan, əraziləri qəsb olunmuş, siyasi, iqtisadi böhran məngənəsində boğulan dövlətdən bugünkü güclü iqtisadiyyata, qüdrətli orduya, milli həmrəyliyə malik, regionda lider dövlətə çevrilməsini, bu yolda maneələrin məharətlə dəf olunmasını, milli maraqlara söykənən uğurlu daxili və xarici siyasətin həyata keçirilməsini və s. olduğu kimi, tarixi faktlarla əks etdirməkdir”.

Qeyd edək ki, “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)” kitabı BDU Elmi Şurasının 01 dekabr 2021-ci il tarixli iclasının qərarı ilə nəşr olunub. Kitab ali məktəblərin tarix və siyasi elmlər ixtisaslarında təhsil alanlar, siyasətçilər, diplomatlar, həmçinin Azərbaycan Respublikasının siyasi tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabın 384 səhifədən ibarət birinci cildində 1991-2003-cü illərdə Azərbaycan Respublikası siyasi tarixinin ən vacib problemləri tədqiq edilib.

Kitabın 520 səhifədən ibarət ikinci cildində isə ən mötəbər mənbə və ədəbiyyatlardan istifadə edilməklə 2003-2021-ci illər Azərbaycan Respublikası siyasi tarixinin problemləri araşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR