Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti İstanbulda keçirilən Türk Dünya Tibb Konqresində iştirak edir

Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti İstanbulda keçirilən Türk Dünya Tibb Konqresində iştirak edir
# 30 oktyabr 2022 17:01 (UTC +04:00)

Türkiyənin İstanbul şəhərində Türk Dünya Tibb Konqresi öz işinə başlayıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, 2021-ci il noyabrın 12-də İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) “Rəqəmsal əsrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər” mövzusunda VIII Zirvə Görüşü keçirilib. Sammitdə “Türk dünyasına baxış 2040” sənədi qəbul edilib və dövlət başçıları Zirvə Görüşünün yekun sənədi olan İstanbul Bəyannaməsini imzalayıblar. Sənəddə həmçinin TDT-yə üzv və müşahidəçi statusunda olan dövlətlərin səhiyyə nazirləri və alimlərinin iştirakı ilə hər il oktyabr ayında Türk Dünya Tibb Konqresinin keçirilməsi qeyd edilib.

Türkiyə Prezidenti Administrasiyasının himayəçiliyi, Türk Dövlətləri Təşkilatının və Türkiyə Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirdə TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, tibb universitetlərinin rəhbərləri, müxtəlif ölkələrdən xüsusi olaraq dəvət olunmuş elm adamları və digərləri iştirak edirlər. Konqresdə ölkəmizi səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Türk Tibb Dünyası Konqresinin ilk günündə “Postpandemiya dövründə qlobal səhiyyəyə yeni yanaşmalar” mövzusuna həsr olunmuş panel sessiyalar keçirilib.

Türkiyəli professor Hasan Hüseyin Yıldırımın moderatorluğu ilə “Dayanıqlı qlobal təchizat zənciri idarəetmə modellərinə töhfə” mövzusunda panel müzakirələr aparılıb. Sessiyada çıxış edən Azərbaycan səhiyyə nazirin müavini Rasim İsmayılov ilk olaraq koronavirus pandemiyası dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş tədbirlər haqqında və əldə olunmuş uğurlu nəticələr barədə məlumat verdi.

R.İsmayılov çıxışının davamında koronavirus pandemiyasının istehsalçı və istehlakçı davranışına əhəmiyyətli dərəcədə təsiri, mövcud vəziyyətdə təchizat zəncirlərinin fasiləsiz işləməsi üçün yeni yanaşmaların və alətlərin vacibliyini vurğulayıb: “Bir çox ekspertlər və bazar iştirakçılarının qənaətinə əsasən, tədarük zəncirlərinin yenidən qurulması üçün əsas yanaşmalardan biri "xəritələmə" - təchizat zəncirinin xəritələnməsi, yəni bütün təchizat zəncirinin vizuallaşdırılması olmalıdır. Təchizat zəncirlərinin "xəritələnməsi" təchizatçıları, paylama mərkəzlərini, nəqliyyat marşrutlarını və əsas bazarların coğrafi yerini sistematik şəkildə qiymətləndirməyə imkan verir. Təchizatçıların seçimini apararkən diqqəti xərcləri minimuma endirmək deyil, riskləri minimuma endirməyə yönəltmək lazımdır”.

Rasim İsmayılov həmçinin iştirakçılara Azərbaycanın iqtisadi inkişaf göstəriciləri və investisiya imkanları barədə məlumat verdi.

Panel sessiyada Qazaxıstan Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq və inteqrasiya departamentinin direktoru Gülnara Muxanova, Özbəkistan Səhiyyə Nazirliyinin İqtisadi təhlil və proqnozlaşdırma Baş İdarəsinin rəis müavini Dilmurod Asatullayev, Türkiyə Əczaçılıq və Tibbi Cihaz Agentliyinin (TİTCK) sədr müavini Sevil Azak Sunqur və digərləri təqdimatlarla çıxış etdilər.

Türkiyəli professorlar Songül Varlı, Utkan Demirci və Ulaş Bağcının moderatorluqları ilə “Səhiyyədə rəqəmsal transformasiya və süni intellect” mövzusunda panel sessiya keçirilib. Sessiyada məruzə ilə çıxış edən Azərbaycan səhiyyə nazirin səhiyyənin rəqəmsallaşdırılması üzrə müşaviri Rüfət Hacıəlibəyov rəqəmsallaşmanın səhiyyənin effektiv idarəetməni şərtləndirən ən mühüm alətlərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan Səhiyyə Nazirliyini tərəfindən “2023-2027-ci illər üçün Rəqəmsal Səhiyyə Strategiyası” sənədi hazırlanıb: “Rəqəmsal səhiyyə strategiyasının hazırlanmasının əsas məqsədləri azad edilmiş ərazilər də daxil olmaqla, ölkənin bütün ərazisində vətəndaşların tibbi xidmətlərin keyfiyyətindən məmnunluğunu və göstərilən tibbi xidmətlərin yaxşılaşdırılmasına birbaşa cəlb olunmasının təmin edilməsi, digər dövlət qurumları ilə inteqrasiya olunmuş rəqəmsal səhiyyə infrastrukturunun yaradılmasıdır. Eyni zamanda, sənəddə müasir standartlara uyğun tibbi-statistik məlumatlar bazasının formalaşdırılması və məqsədyönlü təhlili, səhiyyədə iqtisadi şəffaflığın və səmərəliliyin artırılması, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması və digər məsələlər əks olunub”.


Sessiyada Qazaxıstan Səhiyyə Nazirliyi Elektron səhiyyənin inkişafı departamentinin direktoru Farhad Bekbulatov, Bişkek (Qırğızıstan) Təcili Tibbi Yardım Stansiyasının baş həkimi İskender Şayaxmetov, Türkiyə Səhiyyə Nazirliyinin Səhiyyə informasiya sistemlərinin baş meneceri Mustafa Mahir Ülgü və digərləri təqdimatlarla çıxış ediblər.

Türkiyəli professorlar xanım Rabiya Koç və Murat Sinkanın moderatorluqları ilə “Nadir irsi xəstəliklər” mövzusunda panel müzakirələr aparılıb. Sessiyada çıxış edən Azərbaycan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov nadir irsi xəstəliklər haqqında məlumat verərək bu xəstəliklərdən əziyyət çəkən fərdlərin həyat keyfiyyətinin yaxşılaşdırmaq üçün atılacaq addımların vacibliyini vurğuladı.

Panel sessiyalarda “Pandemiya və Peyvənd”, “Tədqiqat və İnkişaf” (Research and Development, R&D), “Xərçəng”, “Beynəlxalq əlaqələrdə səhiyyənin rolu” və digər mövzular ətrafında müzakirələr aparılıb. Təqdimatlarla Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov, Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin direktor müavini Fuad Quliyev, Qazaxıstan Səhiyyə Nazirliyinin Elm və İnsan Resursları Departamentinin Tibb Elmi və Yeni Texnologiyalar Departamentinin rəhbəri Nurlan Aukenov, Özbəkistan Səhiyyə Nazirliyinin Respublika İxtisaslaşdırılmış Uşaq Elmi-Praktik Tibb Mərkəzinin direktoru Dilorom Əhmədova və digərlərləri çıxış ediblər. Daha sonra iştirakçıların sualları cavablandırılıb.


Həmçinin Türk Dünya Tibb Konqresi ilə paralel olaraq “Türk dünyası səhiyyə biznes sərgisi” keçirilir.

Konqres çərçivəsində sabah TDT-nin üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin iclası baş tutacaq. Görüşdə səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr və gündəmdəki digər məsələlər ətrafında geniş müzakirələr aparılacaq. Eyni zamanda, səhiyyə nazirlərinin toplantısında növbəti konqresin keçiriləcəyi ölkə müəyyən ediləcək.

Sonda dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Sancarın adını daşıyan mükafatın təltifetmə mərasimi keçiriləcək.

Qeyd edək ki, səfər zamanı Azərbaycan səhiyyə naziri Teymur Musayevin Türk Dünya Tibb Konqresinin iclasında çıxışı, təşkilatın üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri ilə ikitərəfli görüşləri, qardaş Türkiyədə çalışan azərbaycanlı həkimlərlə görüş nəzərdə tutulub.

Türk Dünya Tibb Konqresi öz işini oktyabrın 31-də başa vuracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR