Azərbaycan–Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib - FOTO

Azərbaycan–Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu

© APA | Azərbaycan–Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu

# 19 may 2022 12:46 (UTC +04:00)

Bu gün Azərbaycan –Türkiyə Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumu keçirilib.

APA-nın xəbərinə görə, öncə Türkiyə-Azərbaycan dostluğuna həsr olunmuş sənədli film nümayiş etdirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq və müttəfiqlik münasibətlərini yeni mərhələyə qaldırıb.

Azərbaycan və Türkiyə QHT-ləri arasında əməkdaşlığın inkişafı istiqamətində atılan addımlardan danışan Aygün Əliyev bu gün keçirilən Forumun mühüm əhəmiyyət kəsb etdiyini, gələcəkdə türk xalqlarının QHT-ləri arasında əməkdaşlığın genişlənməsinə yol açacağına inandığını söyləyib.

Prezidentinin Administrasiyasının Qeyri hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Azərbaycan və Türkiyə QHT-lərinin Forumunun yaradılması yüksək qiymətləndirib: “QHT-lərimizin qardaş ölkənin QHT-lərinin idarəetmə və beynəlxalq təşkilatlarla əlaqə qurmaq təcrübəsini öyrənməsi vacibdir. Qardaş Türkiyənin QHT-lərin bu təcrübəsinin bölüşülməsi faydalı olar”.

Türkiyə Daxili İşlər Nazirliyi Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsinin rəisi Ahmet Türköz qardaş Azərbaycanda olmasından məmnunluq duyduğunu söyləyib: “Birliyimiz sayəsində Türkiyə və Azərbaycan qlobal səviyyədə yaşanan böhranlar zamanı bir yerdə durmağı, mübarizə aparmağı bacarıb. Azərbaycan Ordusunun Qarabağı azad etməsindən qürur duyuruq. Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan edib. “Şuşa ili” münasibəti ilə təbriklərimizi çatdırmaq istəyirəm”.

Ahmet Türköz Azərbaycan və Türkiyə QHT-ləri arasında əməkdaşlığa dair 28 yanvar 2022-ci il tarixdə Anlaşma Memorandumu imzalandığını xatırladıb: “Sənəd iki ölkənin QHT-ləri arasında təcrübə mübadiləsi aparılmasını da nəzərdə tutur. Daxili işlər naziri Süleyman Soylu da Memorandumda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə müvafiq tapşırıqlar verib. Müvafiq qurumlar arasında daimi sıx əlaqə də vacibdir. Bu Forumun əməkdaşlıq istiqamətində mühüm addım olacağına inanırıq”.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bu Forumun əhəmiyyətindən bəhs edib və ənənəvi olaraq keçirilməsini vacib sayıb.

Milli Məclisin deputatı, Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov Azərbaycan –Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumun iki ölkənin QHT-ləri arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov nəzərə çatdırıb ki, Azərbaycan Gənclər Fondu 2018-ci ildən Türkiyənin Gənclər və İdman Nazirliyi ilə bir neçə layihə həyata keçirib: “Eyni zamanda Gənclər Fondunun dəstəyi ilə Azərbaycanın gənc mütəxəssislərinin Türkiyədə təcrübədən keçməsi həyata keçirilib, Türkiyədə gənclər üçün mövcud olan yataqxanaların, kampların təcrübəsi öyrənilib. 44 günlük Vətən müharibəsinin gedişatında da Türkiyənin Gənclər Fondu böyük nümayəndə heyəti ilə Azərbaycana gəldi və Gəncəyə, Bərdəyə səfər edildi. Həmin dövrdə Türkiyə-Azərbaycan gənclərinin ortaq platforması təsis edildi və bu platforma erməni yalanlarının ifşasında mühüm rol oynadı. Bu forumdan sonra da hər iki ölkənin QHT-lərinin üzərinə mühüm vəzifə düşəcək”.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib ki, Türkiyə və Azərbaycan qardaşlığının parlaq nümunəsi olan bu toplantımız həm öz daşıdığı yüksək milli-mənəvi dəyəri və praktik əhəmiyyəti, həm də gələcəyə yönəlik mesajları baxımından strateji əhəmiyyət daşıyır: “Ölkələrimizdə ictimai rəyin düzgün formalaşdırılması istiqamətində vətəndaş cəmiyyətinin, eyni zamanda medianın rolu danılmazdır. Bu iki təsisatın birgə əməkdaşlığı, bir-birini tamamlayan maarifçilik fəaliyyəti nəticəsində dövlətçilik dəyərlərimiz daha da möhkəmlənməklə yanaşı ictimai fikrin zərərli təsirlərə qarşı müqaviməti də güclənmiş olur. Bu baxımdan bugünkü toplantıdan gözləntilərimiz böyükdür. Eyni zamanda 44 günlük Vətən müharibəsi sınağından bizimlə birgə keçmiş qardaş Türkiyə mediasına təşəkkür borcumuzun olduğunu vurğulamaq istərdik. Media nümayəndələri, qardaş ölkənin jurnalistləri dayanmadan döyüş bölgələrindən reportajlar hazırlamaqla haqq səsimizi dünyaya çatdırdılar. Bu gün Azərbaycan və Türkiyənin birgə media platforması mövcuddur. Birgə Media Platformamızın məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Bu istiqamətdə əsas fəaliyyətimiz beynəlxalq mediada, sosial şəbəkələrdə dünya ictimaiyyətini düzgün məlumatlandırmaqdır. Mediamızın birgə fəaliyyəti nəticəsində ölkələrimizə qarşı aparılan qarayaxma kompaniyalarına qarşı vahid cəbhədən cavab verəcəyik. Eyni zamanda türk dövlətlərinin ortaq mədəni dəyərlərinin təbliği istiqamətində işləməliyik. Bizim öz ölkələrimiz haqqında həqiqətləri beynəlxalq auditoriyaya çatdırmaq üçün vətəndaş cəmiyyətinin fəallığı ilə yanaşı jurnalistlərimiz arasında həmrəyliyə də ehtiyacımız var. Medialarımız öz peşəkar missiyasını yerinə yetirdiyi təqdirdə bizim səsimizin eşidilməsinə inanırıq”.

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR