Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün universitetlərdə ayrılan yerlər azalıb

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 10 iyun 2022 11:18 (UTC +04:00)

2020-ci illə illə müqayisədə 2021-ci il dövlət ali təhsil müəssisələrinin qəbul planında 2.18% (889 yer), özəl ali təhsil müəssisələrinin qəbul planı isə 2.39% (185 yer), ümumilikdə isə 1074 yer (2.21%) artım müşahidə edilib.

APA xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında qeyd edilib. Bildirilib ki, müsabiqədənkənar qəbul ötən illə müqayisədə 80 yer, bu yerlərlə birlikdə ümumi qəbul planı isə 2.36% (1154 yer) artıb. Plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, 2021-ci ildə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 9.55% azalıb.

2021-ci ildə hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin cəmi 20.56%-ni təşkil eedib. Bu göstərici 2020-ci ildə 23.27%, 2019-cu ildə 21.25%, 2018-ci ildə 21.44%, 2017-ci ildə 14.80%, 2016-cı ildə 18.73%, 2015-ci ildə 13.95%, 2014-cü ildə 13.87% olduğu halda, 2013-cü ildə 56.18% olmuşdu. 2013-cü illə müqayisədə son səkkiz ildə həyata keçirilən bu cür dəyişiklik arzuolunmaz haldır. Çünki bəzən Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni test suallarına cavab verdikləri halda, plan yerlərinin ciddi bölgüsü və müsabiqə vəziyyətinin fərqli olması nəticəsində bu bölmələrin eyni ixtisasları üzrə tam fərqli keçid balları yaranır.

Plan yerləri birgə müsabiqə üçün ayrıldıqda isə həmin yerlərə bölməsindən asılı olmayaraq daha hazırlıqlı gənclər qəbul olunur. 2021-ci ildə ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək hüququ qazananların 91.06%-i Azərbaycan, 8.94%-i isə rus bölməsinin abituriyentləri idi.

Qeyd edək ki, hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin hesabına Azərbaycan bölməsinin abituriyentləri qəbul planının minimum 73.18, maksimum 93.91%-ni, rus bölməsinin abituriyentləri isə minimum 6.09, maksimum 26.82%-ni tuta bilərdilər.

Göründüyü kimi, minimum və maksimum imkanlar arasında fərqin bu dərəcədə olması Azərbaycan bölməsində daha hazırlıqlı gənclərin ali təhsil müəssisələrinə qəbul olmaq imkanlarında süni maneələr yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR