Azərbaycan və Türkiyə səhiyyə nazirləri Cenevrədə görüşüb

Azərbaycan və Türkiyə səhiyyə nazirləri Cenevrədə görüşüb
# 24 may 2022 11:25 (UTC +04:00)

Ümumdünya Səhiyyə Assambleyasının yubiley sessiyası çərçivəsində səhiyyə naziri Teymur Musayev Cenevrədə türkiyəli həmkarı Fahrettin Koca ilə görüşüb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, görüşdə tərəflər iki qardaş ölkənin səhiyyə sahəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər. Həmçinin “Səhiyyə Biznes Forumu”nun Bakıda təşkil olunması barədə danışıqlar aparılıb.

Türkiyə “Səhiyyə Biznes Forumu”nu bu zamana qədər Birləşmiş Krallıqda, Özbəkistanda, Pakistanda və digər ölkələrdə keçirib. Forumda təmsil olunan ölkələrin özəl tibb şirkətləri, həmçinin səhiyyədə maliyyə mexanizminin təkmilləşdirilməsi və investisiya imkanları müzakirə olunur.

Sonda tərəflər görüşlərin intensivliyinin artırılmasının gələcəkdə səhiyyə sahəsində uğurlu nəticələr verəcəyinə ümidvar olduqlarını ifadə ediblər.

Qeyd edək ki, mayın 28-dək davam edəcək Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Teymur Musayevin təşkilatın üzv ölkələrinin səhiyyə nazirləri ilə ikitərəfli görüşləri və digər işçi tədbirlərin keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR