Azərbaycanda Ailə Nazirliyinin yaradılması təklif edilib - FOTO

Azərbaycanda Ailə Nazirliyinin yaradılması təklif edilib  - FOTO
# 18 may 2022 11:42 (UTC +04:00)

“Nə qədər inkişaf təmin edilsə də, hər zaman ailə institutunun problemləri olub”.

APA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Azərbaycan ailə modelinin inkişaf strategiyası” adlı konfransda deyib.

O bildirib ki, “Ailə günü” Azərbaycanda 2007-ci ildən qeyd olunur: “Bu istiqamətdə beynəlxalq təşkilatların üzərimizə qoyduğu tələblər yerinə yetirilir və milli qanunvericilik təkmilləşdirilir. Məqsəd çətin vəziyyətdə olan ailələrin sayını azaltmağa çalışmaqdır. Qarşıda duran missiya qəlizdir -urbanizasiya və ailə, kəndlərdə ailə münasibətləri və s.”

Tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc qeyd edib ki, televiziya verilişlərində Azərbaycanın ailə dəyərlərinə xas olmayan antisosial ideyaların nümayişi artıb: “Dövlətin ailə strategiyasının hazırlanması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Nazirliyinə çevrilməsini istəyərdik”.

Zahid Oruc həmçinin deyib ki, ölkə əhalisinin sayının artması əhalinin hər 1000 nəfərinə düşən ölüm əmsalının sabit qalması, miqrasiyanın müsbət saldo ile izlənilməsi və doğulanda gözlənilən ömür uzunluğunun yüksəlməsi ilə bağlıdır:

“Lakin son 10 ildə əhalinin hər 1000 nəfərinə düşən nikahların ümumi əmsalı 8,9-dan 3,5-ə düşüb. Həmin müddətdə əhalinin hər 1000 nəfərinə boşanmaların ümumi əmsalı 1-dən 1,5-ə qədər artıb. Belə ki, 2010-cu ildə nikahların sayı 79.172, boşanmaların sayı 9.061, 2020-ci ildə isə nikahların sayı 35.348, boşanmaların sayı 14.628 olub. Ölkədə ümumnəsilvermə əmsalında da azalma müşahidə edilir. Belə ki, 2010 ci ilde bu əmsal 2,3 idisə, 2020-ci ildə 1,7-ə qədər düşüb. Son illərdə ölkə üzrə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Belə ki, 2010-cu ildə əhalinin hər 1000 nəfərinə bu göstərici 18,5 idisə, 2020-ci ildə bu göstərici 12,7-yə qədər enib. Müqayisə üçün deyək ki, boşanma statistikası Qərb ölkələrində-Avropa Birliyində 1000 nəfərə düşən 8 evlilikdən 3.1-nin, ABŞ-da 3-nün, Rusiyada ise ən böyük 4.7-nin dağılması faktını təşkil edir. Xatırladaq ki, Azərbaycanda son 60 illik tarixində boşanmaların, ailələrin dağılmasının ən yüksək həddi 1990-cı ildə baş verib. Həmin il 1000 nəfərə düşən 10 evlilikdən 2-si dağılıb. Göründüyü kimi, ölkəmizin həyatında baş verən qlobal və lokal dəyişikliklər birbaşa ailə institutunun sabitliyinə təsir edir”.

Qeyd edək ki, konfransın əsas məqsədi dövlət ailə məsələləri mövzusunda ictimai müzakirələrin təşkili, həmçinin müasir cəmiyyətdə sağlam ailə modelinin, ailə institutunun formalaşmasına yönəlmiş effektiv mexanizmlərin yeni formatlarının müzakirəyə qoyulması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR