Azərbaycanda müəssisə, təhsil, səhiyyə obyektləri və nəqliyyatda əllilərin hüquqları sahəsində dövlət monitorinqi keçiriləcək

Azərbaycanda müəssisə, təhsil, səhiyyə obyektləri və nəqliyyatda əllilərin hüquqları sahəsində dövlət monitorinqi keçiriləcək
# 12 sentyabr 2019 11:59 (UTC +04:00)

Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin məqsədi bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin cari vəziyyətinin öyrənilməsi, çatışmazlıqların və həyata keçiriləcək dövlət siyasəti istiqamətlərinin və tədbirlərin müəyyən edilməsidir.

Qaydaya əsasən, Azərbaycanda əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi monitorinqi nazirliyin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və strukturuna daxil olan digər qurumlar vasitəsilə həyata keçirir. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi məqsədilə nazirliyin əməkdaşlarından ibarət daimi fəaliyyət göstərən komissiyalar yaradılır. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin nəticələrindən asılı olaraq, komissiyanın tərkibində zərurət yarandıqda müvafiq mütəxəssislər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən ekspertlərdən ibarət yardımçı işçi qrup yaradıla bilər. Yardımçı işçi qrupun üzvləri ictimai əsaslarla fəaliyyət göstərir. Əlilliyi olan şəxslər və onları təmsil edən ixtisaslaşmış qeyri-hökumət təşkilatları əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi prosesində iştirak edə bilərlər.

Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi istiqamətləri aşağıdakılardır:

-müyəssərlik (iş, təhsil, səhiyyə və digər sosial mühitin, ictimai, nəqliyyat və kommersiya infrastrukturunun əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğunluğu);

- inklüzivlik (əlilliyinin növündən, formasından və dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat səviyyəsinin təminatı üçün əlilliyi olan şəxsə müyəssərliyin təmin edilməsi);

- əlilliyə görə ayrı-seçkilik (əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina);

- ağlabatan uyğunlaşma (əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquqlarının və azadlıqlarının digərləri ilə bərabər səviyyədə həyata keçirilməsinin təmin olunması məqsədilə zəruri və mümkün uyğunlaşma və düzəlişlər edilməsi).

Xidmət tərəfindən DOST Agentliyi ilə birlikdə cari ilin sonuncu rübündə müşahidələrin aparılması barədə əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin növbəti il üçün tədbirlər planı hazırlanaraq, təsdiq olunmaq üçün nazirliyə təqdim olunur. Tədbirlər planına uyğun olaraq komissiya yaradılır. Tədbirlər planı təsdiq edildikdən sonra ictimai müzakirəyə çıxarılması məqsədilə nazirliyin internet səhifəsində yerləşdirilir.

Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi planlı (növbəti) və plandankənar (növbədənkənar) qaydada həyata keçirilir. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi planlı (növbəti) qaydada həyata keçirildikdə, bu Qaydaya uyğun olaraq tədbirlər planı hazırlanıb təsdiq edilməlidir. Dövlət orqanlarının, təşkilatlarının, habelə fiziki və hüquqi şəxslərin müraciətlərinə əsasən təcili və təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti müəyyən edildikdə, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi plandankənar (növbədənkənar) qaydada həyata keçirilir.

Əilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi ildə 1 dəfə həyata keçirilir. Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi başlandığı tarixdən etibarən 3 aydan çox davam edə bilməz.

Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi aşağıdakı üsullarla həyata keçirilir:

- əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin məqsədləri üçün binalara, tikililərə və avadanlıqlara baxış keçirilməsi;

- ictimai sorğuların aparılması.

Bu Qaydaya uyğun yaradılmış komissiya əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi üçün müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və məlumatlar almaq hüququna malikdir.

Əlilliyi olan şəxslərin reyestrinə əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi üzrə aşağıdakı məlumatlar əlavə olunur:

- il ərzində əlilliyi olan şəxslərin hüquqları sahəsində

həyata keçirilməsi nəzərdə tutulan dövlət monitorinqlərinin başlanma

və bitmə tarixləri;

- əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin aparılması məqsədilə yaradılmış komissiyanın tərkibi;

- əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin müşahidələri zamanı həyata keçirilən qiymətləndirmələr;

- əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin nəticələri;

- əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin nəticələri üzrə hesabatlar və statistik məlumatlar.

Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi üzrə qeyd olunan məlumatlar ictimaiyyətin irad və təklifləri üçün açıq olmalıdır. Əlilliyi olan şəxslərin hüquqları sahəsində həyata keçirilən dövlət monitorinqinin nəticələri əsasında komissiya tərəfindən hesabat tərtib olunur. Tərtib olunmuş hesabat komissiya tərəfindən müvafiq tədbirlərin görülməsi üçün nazirliyə təqdim edilir. Təqdim olunmuş hesabat əsasında hər hansı bir dəyişiklik aparılmasına ehtiyac olarsa, o zaman nazirlik tərəfindən təkliflər hazırlanaraq ictimaiyyətin rəy və təklifləri nəzərə alınmaqla, həmçinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla, müvafiq qərar qəbul olunması üçün Nazirlər Kabinetinə təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR