Azərbaycanda özəl pensiya fondlarının yaradılmamasının səbəbi açıqlanıb

Himalay Məmişov

© APA | Himalay Məmişov

# 29 dekabr 2021 12:22 (UTC +04:00)

“Özəl pensiya fondlarının fəaliyyəti əmək pensiyaları haqqında qanunda uzun müddətdir ki, nəzərdə tutulub. Lakin hələ ki, tətbiq olunmur. Çünki bunun müəyyən riskləri var”.

APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, özəl pensiya fondlarının yaradılması ilə bağlı hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dünya təcrübəsini araşdırır: “Bu istiqamətdə uğurlu özəl pensiya fondlarının fəaliyyəti məhdud saydadır. Özəl pensiya fondları iki istiqamətdə qiymətləndirilməlidir. Birincisi, nəzərə almaq lazımdır ki, özəl pensiya fondları uzunmüddətli investisiya şirkətləri formasında fəaliyyət göstərəcək. Yəni pensiya fondlarına yatırılan vəsait uzun müddətli investisiyadır, bu vəsaitləri 20-30 il sonra əldə edəcəksiniz. Həmin illərdə həmin fondların fəaliyyətinin hansı formada təşkil ediləcəyi, davam etdiriləcəyi ciddi şəkildə qiymətləndirilməlidir. Çünki həmin şəxslərin sosial təminatının gələcəkdə qarşılanması dövlətin əsas öhdəliklərindən biridir. Ona görə bu məsələyə bir qədər həssas yanaşmaq lazımdır. İkincisi isə burada məcburi dövlət sosial sığorta haqlarının məbləğinə baxılmalıdır. Hazırda bu göstərici 25 faiz həcmində müəyyən olunub. Özəl pensiya fondlarının yaradılacağı təqdirdə vətəndaşların özəl pensiya fondlarına pul köçürülməsi ilə bağlı hansı reaksiya verəcəklərini də bilmək lazımdır. Sözsüz ki, bu qiymətləndirilmələr aparıldıqdan sonra yekun qərarlar qəbul olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR