Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları bu ölkədə müalicə alan azərbaycanlı hərbçilərlə görüşüblər - FOTO

Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları bu ölkədə müalicə alan azərbaycanlı hərbçilərlə görüşüblər - FOTO
# 21 mart 2023 16:59 (UTC +04:00)

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi və səfirlik nəzdində Hərbi Attaşelik Aparatının əməkdaşları İkitərəfli razılaşmalara əsasən Türkiyədə müalicə alan müharibə iştirakçılarını, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını və onların ailə üzvlərini Novruz bayramı münasibətilə ziyarət edib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, görüş zamanı səfirlik əməkdaşları vətəndaşlarımızın müalicələrinin gedişi və qayğıları ilə maraqlanaraq, qaldırılan məsələlərin həll edilməsi istiqamətində müvafiq addımlar atılacağını vurğulayıblar. Ziyarət zamanı müalicə mərkəzlərinin rəhbər və tibb heyəti ilə də görüş keçirilib, vətəndaşlarımızın vəziyyətinə dair fikir mübadiləsi keçirilib.

Ziyarətin sonunda vətəndaşlarımıza Novruz sovqatları verilib və xatirə şəkli çəkilib.

Xatırladaq ki, iki dövlət arasında imzalanan protokola uyğun olaraq, illik əsasda müayinə və müalicə olmaq üçün Türkiyə Respublikasına göndərilmiş Azərbaycan Respublikası vətəndaşlarının müalicə mərkəzlərinə yerləşdirilməsi, onların üzləşdikləri bütün növ çətinliklər və qayğıları daim səfirlik əməkdaşları tərəfindən diqqətdə saxlanılır və həlli istiqamətində mütəmadi olaraq tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR