“Bakcell”in ermənilərin atəşi nəticəsində yaralanan əməkdaşı əməliyyat olunacaq - FOTO

Anar Rəhimli

© APA | Anar Rəhimli

# 30 dekabr 2021 12:53 (UTC +04:00)

“Bakcell”in ermənilərin açdığı atəş nəticəsində yaralanan əməkdaşı Gəncəyə aparılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Ağdamın işğaldan azad olunan ərazisində xidməti fəaliyyətini yerinə yetirən zaman ermənilərin açdığı atəş nəticəsində yaralanan Anar Rəhimli Mərkəzi Klinika Gəncə Xəstəxanasına yerləşdirilib.

Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ona baş çəkib. Onun vəziyyətinin stabil olduğu bildirilib.

Sol qolundan güllə yarası alan A. Rəhimli əməliyyat olunacaq, qəlpə çıxarılacaq.

Qeyd edək ki, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilmiş "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu odlu silahdan açılmış atəş nəticəsində yaralanıb.

İlkin araşdırmalarla “Bakcell" MMC-nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR