Bakı şəhər prokurorluğunda Əməliyyat müşavirəsi keçirilib - FOTO

Bakı şəhər prokurorluğunda Əməliyyat müşavirəsi keçirilib - FOTO
# 19 yanvar 2023 18:32 (UTC +04:00)

Yanvarın 19-da Bakı şəhər prokurorluğunun rəhbərliyi və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2022-ci ildə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, müşavirə iştirakçıları tərəfindən şəhər prokurorluğunun inzibati binasında ölkəmizin davamlı inkişafının və tərəqqisinin təməl əsaslarını qoymuş Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilməklə xatirəsinə ehtiram əlaməti olaraq güllər düzülmüş, Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Giriş nitqi ilə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində 2022-ci ildə də bütün sahələrdə tərəqqi və inkişafa nail olunmuş, dövlətimizin beynəlxalq nüfuzu daha da möhkəmlənmişdir.

Elşən Abbasov, həmçinin, siyasi və iqtisadi sahədəki uğurlarımız, habelə işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış”ın reallaşması üçün həyata keçirilən geniş miqyaslı infrastruktur layihələri barədə məlumat vermişdir.

Vurğulanmışdır ki, həyata keçirilən müasir məz¬munlu islahatlar nə¬ti¬cə¬sin¬də Azərbaycan Prokurorluğu mütərəqqi iş prin¬sipləri əsasında fəaliyyət göstərən dövlət təsisatına çevrilmişdir.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən müəyyənləşdirilən prinsiplər əsasında işini quran Bakı şəhər prokurorluğu və tabe ərazi rayon prokurorluqlarının fəaliyyəti nəticəsində 2022-ci ildə cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində ötən illərlə müqayisədə müsbət nəticələr əldə olunmuşdur.

2022-ci il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 16724 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb ki, onların açılma faizi 87.3% təşkil etmişdir.

Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində qeydə alınmış 50 qəsdən adam öldürmə və 16 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin edilmişdir.

2022-ci il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qeydə alınmış 5135 hadisənin 1527-si narkotik vasitələr və psixotrop maddələrin satışı bağlı olmuşdur.

Bakı şəhər prokuroru çıxışında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının satışı ilə məşğul olan mənbələrin müəyyən edilməsi ilə bağlı istintaq-əməliyyat tədbirlərinin daha da gücləndirilməsini nəzərə çatdırmışdır.

Quldurluqla bağlı müvafiq dövr ərzində qeydə alınmış 61 hadisədən 95 %-nin açılması təmin edilmişdir.

Müşavirədə həmçinin axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı konkret tapşırıqlar verilmişdir.

Bakı şəhər prokurorluğunun diqqət mərkəzində olan məsələlərdən biri də ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə əlaqədar olan cinayət işləri olmuşdur. Hesabat dövründə qeydə alınmış ölümlə nəticələnən 198 yol-nəqliyyat hadisəsi üzrə təqsirləndirilən şəxslər müəyyən edilmişdir.

Qeyd edilmişdir ki, hesabat dövründə aidiyyəti tabe rayon prokurorluqlarının icraatında olan 928 işdən 474-nün, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 17198 cinayət işindən 7374-nün istintaqı tamamlanmışdır. Onlardan polis orqanları tərəfindən 6250, prokurorluq orqanları tərəfindən 190 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir.

Bakı şəhəri üzrə prokurorluq və daxili işlər orqanları tərəfindən ümumilikdə 28 milyon 735 min 733 manat fiziki və hüquqi şəxslərə vurulmuş maddi ziyanın ödənilməsinə nail olunmuşdur.

Əməliyyat müşavirəsində vətəndaş məmnunluğunun təmin edilməsi, onların qəbulu və müraciətlərinə baxılmasının daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunmaqla, xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən qazilərin müraciətlərinə təxirəsalınmadan baxılaraq, dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanmışdır.

2022-ci il ərzində Bakı şəhər prokurorluq orqanlarına 17149 müraciət daxil olmaqla həll olunmuş, 6564 vətəndaş qəbul edilmişdir.

Bakı şəhər prokurorluğunun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə cari ilin nəticələrinə görə artım dinamikası müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılmışdır.

Müşavirədə 2022-ci il ərzində şəhər prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 12 nəfərin intizam məsuliyyətinə cəlb edilməsi, onlardan 2 nəfərin prokurorluq orqanlarından xaric edilərək, 2 nəfərin tutduğu vəzifədən azad olunması xüsusi vurğulanmaqla xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi tələb edilmişdir.

Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edərək, yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görüldüyünü bildirmişlər.

Müşavirəyə yekun vuran Bakı şəhər prokuroru Elşən Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da, dövlətə və dövlətçilik ideyalarına sədaqətlə xidmət etməklə cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin qorunması üçün səlahiyyət hədləri daxilində zəruri tədbirləri görəcəklərinə əminliyini ifadə etmişdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR