Bakı şəhəri “Ümumdünya Məskunlaşma Günü”nə ev sahibliyi edəcək

Bakı şəhəri “Ümumdünya Məskunlaşma Günü”nə ev sahibliyi edəcək
# 09 iyun 2023 11:19 (UTC +04:00)

BMT-nin Məskunlaşma Proqramı (“UN-Habitat”) Assambleyasının Keniyada keçirilən 2-ci sessiyasında “Ümumdünya Məskunlaşma Günü”nün 2023-cü ildə Bakı şəhərində qeyd edilməsinə dair qərar qəbul edilmişdir. 8 iyun tarixində Nayrobi şəhərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və “UN-Habitat”-ın icraçı direktoru Maimunah Mohd Şarif tərəfindən bununla bağlı imzalanmış Niyyət Protokoluna əsasən, sözügedən beynəlxalq tədbir 2 oktyabr tarixində təşkil ediləcək.

APA xəbər verir ki, BMT-nin 1985-cı ildə qəbul edilmiş müvafiq qərarına əsasən, Ümumdünya Məskunlaşma Günü hər il bir ölkədə qeyd olunmaqla hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatını təşviq edir, dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsi üzrə qlobal platforma rolunu oynayır.

Bu il Ümumdünya Məskunlaşma Gününün əsas mövzusu davamlı şəhər iqtisadiyyatı və şəhərlərin tərəqqi mərkəzləri rolu ilə bağlı məsələlərin müzakirəsinə həsr ediləcək.

Ümumdünya Məskunlaşma Gününün də daxil olduğu “Şəhərsalma Həftəsi” ərzində Azərbaycanda İkinci Milli Şəhərsalma Forumu və bir sıra digər aidiyyəti tədbirlərin keçirilməsi, onlarla ölkənin rəsmiləri və ekspertlərinin, beynəlxalq və qeyri-hökumət təşkilatları nümayəndələrinin mövzu üzrə təcrübə mübadiləsi aparmaq imkanı təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR