Bakı və Sumqayıt üzrə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub - FOTO - VİDEO

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi

© APA | “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi

# 25 may 2022 14:03 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında Bakı və Sumqayıt Regional mərkəzlərinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib.

APA xəbər verir ki, yarış FHN-in təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə baş tutub.

FHN-in İctimaiyyətlə əlaqə idarəsinin baş məsləhətçisi Turqay Abbaslı Bakı və Sumqayıt şəhərlərində yerləşən 17 məktəb komandası arasında keçirilən yarış barədə jurnalistlərə məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, məktəblər arasında keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

“Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olan yarışda Yasamal Rayon 31 saylı orta məktəbin komandası qalib olub. Nizami rayonu 229 saylı orta məktəb ikinci, Nizami rayonu 220 saylı orta məktəbin komandası isə üçüncü yeri tutub.

Sonda fərqlənmiş komandalar müvafiq yerlər üzə kubok və diplomlarla təltif olunub.

Qeyd edək ki, yarışda yer tutan komandalar “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR