Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” keçirilir - FOTO

Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” keçirilir  - FOTO
# 28 sentyabr 2022 10:51 (UTC +04:00)

Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” keçirilir.

APA xəbər verir ki, GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan tədbirin keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.

AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov deyib ki, Azərbaycanın Avro-Atlantik məkana inteqrasiya olunması istiqamətində uzun illərdir ki, ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir:

“Azərbaycan dövləti ölkəmizdə IV Sənaye İnqilabı texnologiyalarının geniş və effektli tətbiqi ilə bağlı bir sıra addımlar atmaqdadır. Hesab edirəm ki, Azərbaycanın Avropaya inteqrasiyası baxımından bu texnologiyaların imkanları mühüm əhəmiyyət kəsb edir”.

Alimin sözlərinə görə, “EaPEC 2022” Azərbaycan elmi ictimaiyyətinin Avropa mühitinə inteqrasiyasını sürətləndirməklə yanaşı, azərbaycanlı alimlərə xarici həmkarları ilə birgə tədqiqatlar aparmağa, layihələr həyata keçirməyə və beynəlxalq elmi əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək.

GEANT-ın baş direktoru Erik Hayzer “EaPEC 2022” konfransının Azərbaycan elmi və təhsilinin inkişafı baxımından geniş imkanlar açdığını vurğulayıb. O, Azərbaycan dövlətinin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, alim və tədqiqatçılarımızın Avropanın elm və təhsil sahəsindəki resurs və xidmətlərindən daha səmərəli istifadəsinin təmin edilməsi istiqamətində lazımi köməkliyi göstərməyə hazır olduğunu bildirib.

E.Hayzer konfrans çərçivəsində iştirakçı ölkələrdən olan xüsusi ekspertlərin müxtəlif mövzulara dair məruzələrinin dinləniləcəyini, həmkarlarla mühüm məsələlər üzrə təcrübə və fikir mübadiləsinin aparılacağını qeyd edib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, Azərbaycanda dünyanın nüfuzlu qurumlarının təşkilatçılığı ilə beynəlxalq elmi tədbirlərin keçirilməsi ənənəvi hal alıb. Nazirin müavini bu tədbirin Azərbaycan elmi və təhsilinin inkişafı üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb, dünyada sürətlə inkişaf edən informasiya texnologiyalarının ölkəmizin elm və təhsil sistemi qarşısında yeni tələblər qoyduğunu bildirib. O, belə bir nüfuzlu tədbirin keçirilməsinin Şərq Tərəfdaşlığı ölkələri arasında elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi və gücləndirilməsi baxımından son dərəcə vacib olduğunu qeyd edib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov da Şərq Tərəfdaşlığı ölkələrinin informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayıb:

“İki gün ərzində konfransda təqdim olunacaq məruzələr, aparılacaq müzakirələr şübhəsiz ki, Azərbaycan və Avropa ölkələri arasında elmi əlaqələrin daha da yaxınlaşması və genişlənməsinə ciddi təkan verəcək”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR