Bakıda "Beynəlxalq STEAM Azərbaycan Festivalı"nın açılışı olub - FOTO

Bakıda "Beynəlxalq STEAM Azərbaycan Festivalı"nın açılışı olub  - FOTO
# 05 dekabr 2022 14:13 (UTC +04:00)

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "SAF 2022 - Beynəlxalq STEAM Azərbaycan Festivalı"nın açılış mərasimi keçirilib.

APA xəbər verir ki, mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, Baş nazirin müavini Əli Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, bir sıra səfirlər, millət vəkilləri, müxtəlif media qurumlarının rəhbərləri və xaricdən gələn qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan elm və təhsil naziri Emin Əmrullayev STEAM layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, dünyada hər şey dəyişir, təhsil də dəyişməlidir.

"İldən-ilə STEAM-in əhatə dairəsi genişlənir. Proqramın tədrisində əsas məqsəd Azərbaycanın gələcək nəslini yeni çağırışlara hazırlamaqdır. Sevindirici haldır ki, bugünkü festivalda iştirak edən şagirdlərin 40 faizi Azərbaycanın bölgələrini təmsil edir" - deyə nazir qeyd edib.

Daha sonra çıxış edən "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov bildirib ki, hazırda layihə ölkə üzrə 318 məktəbi əhatə edir.

"Bu məktəblərin 126-sı regionlarda, 192-si isə Bakıda yerləşir. Həmçinin 22 STEAM mərkəzi mövcuddur. Hazırda 103 min şagird layihəyə cəlb olunub. 2026-cı ilə qədər isə 280 min nəfərə çatdırılması hədəflənib. Builki festivalda ötən ildən fərqli olaraq 6-10 yaş arası şagirdlər və universitetlər də təmsil olunur" - deyə o əlavə edib.

SAF 2022 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilib.

Festivala ümumilikdə 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunlardan 127-i xarici ölkə, 442-i isə yerli iştirakçıdır. Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil edirlər.

STEAM Festivalının keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

Tədbir dekabrın 9-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR