Bakıda havanın ən çirkli olduğu ərazi açıqlanıb

Umayra Tağıyeva

© APA | Umayra Tağıyeva

# 29 dekabr 2021 12:40 (UTC +04:00)

"İl ərzində havanın çirklənməsi ilə bağlı bizim xidmətə 954 müraciət daxil olub".

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva mətbuat konfransında deyib.

O bildirib ki, araşdırmalarla çirklənmə mənbələri müəyyən olunub və qanunvericilik çərçivəsində cəza tətbiq edilib: “Cəza tədbirləri ilə vəziyyəti düzəldə bilmərik. Hər kəs öhdəsinə düşəni etməlidir. 11 qaz qarışığı üzrə araşdırma aparılır. Ən çox çirklənmə Lökbatan dairəsində olub. Çünki orada nəqliyyat sıxlığı müşahidə olunur”.

U. Tağıyeva bildirib ki, gündəlik olaraq atmosfer havasına müxtəlif mənbələrdən-sənayedən, nəqliyyatdan və s. birbaşa azot 4-oksid, azot 2-oksid, kükürd qazı, dəm qazı, hidrogen sulfid, dispers toz hissəcikləri, benzol, etil benzol, toluol, kselol kimi qaz birləşmələri atılır: “2021-ci ildən avtomatik rejimdə çalışan beş stansiya və bir səyyar laboratoriyanın imkanları hesabına havaya atılan qaz qarışıqları və toz hissəcikləri üzrə fasiləsiz monitorinq sistemi yaradılıb. Hazırda Bakıda, Sumqayıt və Gəncə şəhərlərində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri və Avropa İttifaqının təcrübələri nəzərə alınaraq insan sağlamlığı üçün zərər verə biləcək çirkləndiricilər təyin olunmağa başlayıb. 2021-ci il ərzində avtomatik stansiyadan əldə olunmuş məlumatlara əsasən, ilin isti dövründə qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin qatılıqlarının nisbətən yüksək olduğu müəyyən edilib. Həmin dövrlərdə temperaturun yüksəlməsi, dayanıqlı hava şəraitinin tez-tez müşahidə olunması və digər meteoroloji parametrlər avtonəqliyyatdan və sənaye müəssisələrindən atılan tullantıların havada uzun müddət qalmasına şərait yaradıb və atmosfer havasının keyfiyyət göstəricilərin aşağı düşməsinə səbəb olub. Sentyabr ayından başlayaraq isə yağıntılı günlərin sayının artması həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin konsentrasiyalarının nisbətən azalmasına və keyfiyyət göstəricilərinin yüksəlməsinə gətirib çıxarıb".

U.Tağıyevanın sölərinə görə, Bakı şəhərinin inzibati rayonları üzrə il ərzində əldə edilmiş məlumatların qiymətləndirilməsi göstərir ki, Bakıda azot 4-oksid və kükürd qazının orta illik qatılığı normadan 1.2 dəfə çox olub: "Statistik rəqəmlərə nəzər salsaq görərik ki, 2020-ci il ərzində stasionar mənbələrdən və avtonəqliyyatdan ölkə ərazisinin atmosfer havasına 808 min ton çirkləndirici maddə atılıb. Bu çirkləndiricilərin 147 min tonu stasionar mənbələrin, 661 min tonu isə avtonəqliyyatın payına düşür. Ölkə ərazisində hibrid avtomobillərin geniş miqyasda istifadəsinin təşviqi məqsədilə yeni qaydalar tətbiq edilir, belə ki, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilir. Belə tədbirlər atmosfer havasının vəziyyətinin yaxşılaşmasına xidmət edəcək”.

O bildirib ki, bu il Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən nəqliyyatın intensiv hərəkət etdiyi prospekt və küçələrdə - Neftçilər pr., Dərnəgül şosesi, Nobel pr., 20 Yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Qara Qarayev pr., Heydər Əliyev pr., Şərifzadə küç., Xırdalan-Sumqayıt yolunda səyyar laboratoriya vasitəsilə hava keyfiyyətinin operativ şəkildə monitorinqi həyata keçirilib. Nəticələrə əsasən, çirkləndiricilərdən azot-4 oksidin, dəm qazının, dispers toz hissəciklərinin yol verilən qatılıq həddindən çox olduğu müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR