Bakıda növbəti ümumşəhər daxili iməcliyi keçirilib - FOTO

Bakıda növbəti ümumşəhər daxili iməcliyi keçirilib - FOTO
# 10 iyun 2023 11:52 (UTC +04:00)

Yay mövsümünün başlanması və paytaxtımıza çoxsaylı qonaqların və xarici turistlərin gəlişinin gözlənilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq iyun ayının 10-da paytaxt ərazisində təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməcliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməclik paytaxtın bütün rayonlarını əhatə edib. İməclik zamanı paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması həyata keçirilib.

İməclikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-səhman yaradılması işlərində fəallıq göstəriblər. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməclikdə yaxından iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların dibi yumşaldılıb, həmişəyaşıl ağaclar yuyulub. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilib, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə qulluq göstərilib.

Bakı Şəhər İcra Hakimiyyəti kommunal təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını aparıb, əməkdaşlar tərəfindən balansda olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında əlavə təmizlik işləri görülüb.

İməclik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR