Bakıda TÜRKPA Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclası keçirilib

Bakıda TÜRKPA Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclası keçirilib
# 06 mart 2023 12:43 (UTC +04:00)

Bu gün Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

APA-nın xəbərinə görə, nümayəndə heyətinin üzvləri əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər.

Nümayəndə heyəti həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət edib.

Daha sonra Milli Məclisdə TÜRKPA Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclası keçirilib. Komissiyanın sədri Əhliman Əmiraslanov iclasın gündəliyini açıqlayıb.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, əsas məqsəd TÜRKPA-ya üzv olan ölkələrin qanunvericiliyinin yaxınlaşdırılmasıdır.

Birinci vitse-spiker Laçın Xankəndi yolunda keçirilən dinc aksiyanın TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən iclasında müzakirə edilməsini də təklif edilib. Əli Hüseynli iclas zamanı deyib ki, aksiyaya TÜRKPA-nın dəstək verəcəyini düşünürük.

“Son illər TÜRKPA-ya üzv olan dövlətlərin qardaşlığını, birliyini müşahidə edirik. 85 gündür ki, Laçın Xankəndi yolunda Azərbaycan aktivistləri ətraf mühitin çirklənməsinə qarşı öz etirazlarını bildirirlər. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də TÜRKPA üzv dövlətlərin Azərbaycanın haqq işinə dəstək verəcəyini düşünürük. Fikrimcə, sözügedən məsələ bugünkü iclasda müzakirə ediləcək", - Ə.Hüseynli vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin üzvü Rəcəb Şəkər çıxışında erməni təxribatı nəticəsində şəhid olan hərbçilərimizin ailə üzvlərinə və Azərbaycan xalqına başsağlığı verib. Türkiyədə zəlzələ nəticəsində böyük itkilərin olduğunu diqqətə çatdırıb və Azərbaycanın ilk vaxtlardan ən böyük dəstəyi verən ölkə olduğunu bildirib.

“Azərbaycan xalqı türkiyəli qardaşlarına yardımlar göndərdi. Bu, bir daha Türkiyə-Azərbaycan qardaşlığını göstərdi. Azərbaycanlı qardaşlarımıza təşəkkürümüzü bildiririk”, - deyə o vurğulayıb.

AMEA-nın vitse-prezidenti İradə Hüseynova 30 illik işğal dövründə ərazilərimizin ermənilər tərəfindən ekoloji genosidə məruz qaldığını və bunun da biomüxtəlifliyə ciddi ziyan vurduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda Azərbaycan həmin ərazilərdə biomüxtəlifliyin qorunması üçün ciddi tədbirlər həyata keçirir.

"TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması"na dair Komissiya iclasının hesabat məruzəsi yekdilliklə qəbul edilib. Məruzə TÜRKPA-nın aprel ayında keçirilməsi nəzərdə tutulan 12-ci plenar iclasına tövsiyə edilib.

İclasda “Reproduktiv sağlamlığın qorunması haqqında” model qanun layihəsi də müzakirə edilib.

TÜRKPA Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov bildirib ki, növbəti mərhələdə "Tütün məhsullarının istifadəsinin məhdudlaşdırılmasına dair” model qanun layihəsi hazırlanacaq. O əlavə edib ki, TÜRKPA-nın tərkibinin genişləndirilməsi müzakirə olunur və daha iki komissiyanın yaradılması nəzərdə tutulur. Hazırda TÜRKPA-da 4 komissiya fəaliyyət göstərir.

Bununla da iclas başa çatıb.

TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının növbəti, 9-cu iclası Qazaxıstanda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR