Baş konsul: "Türkiyə hər zaman Azərbaycanın yanındadır" - VİDEO

Zeki Öztürk

© APA | Zeki Öztürk

# 14 yanvar 2022 16:57 (UTC +04:00)

Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı Türkiyənin Gəncədəki Baş Konsulluğunda tədbir keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə çıxış edən Baş konsul Zeki Öztürk qeyd edib ki, bu gün bir millət, iki dövlət üçün çox mühüm bir tarixdir: “Biz iki qardaş dövlət arasında yenidən diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü fəxr və ruh yüksəkliyi ilə qeyd edirik. Bu gün iki qardaş ölkə üçün yeni münasibətlərin başlanğıcı olub”.

Baş konsul bildirib ki, iki ölkə arasında münasibətlərin təməli 1918-ci ildə Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi ilə qoyulub və sonrakı dövrdə Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümummilli lider Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” şüarları əsasında inkişaf edib.

Diplomatın sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı isə iki ölkənin dövlət başçılarının iradəsi ilə qardaşlıq nümunəsi nümayiş olunub. O, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb, Şuşa Bəyannaməsinin imzalanması ilə bu münasibətlərin ən yüksək səviyyəyə çatdığını deyib: “Qardaşlığımız bu gün hər sahədə inkişaf etməkdədir".

Qeyd olunub ki, Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub. Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqustunda açılıb. 1993-cü ilin yanvarında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Azərbaycanın baş konsulluqları təsis edilib. Türkiyənin Bakıda Səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində baş konsulluqları fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR