Baş Prokurorluqda gənc hüquqşünaslar üçün konfrans keçirilib - YENİLƏNİB

Baş Prokurorluqda gənc hüquqşünaslar üçün konfrans keçirilib - YENİLƏNİB
# 02 iyun 2023 16:06 (UTC +04:00)

Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar prokurorluq orqanları tərəfindən genişmiqyaslı tədbirlərin davamı olaraq, iyunun 2-də Baş Prokurorluqda “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” mövzusunda konfrans keçirilib.

APA xəbər verir ki, Bakı Dövlət, Naxçıvan Dövlət, eləcə də “ADA” universitetlərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına, Daxili İşlər Nazirliyinin Polis, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyinin Ədliyyə akademiyalarının hüquq fakültələrində təhsil alan tələbələrin, habelə professor-müəllim heyətinin iştirak etdiyi konfransda tanınmış ziyalılar, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, prokurorluğun veteranları və gənc prokurorluq işçiləri iştirak edib.

Konfransdan əvvəl ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, daha sonra isə Ulu öndər və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan konfransda çıxış edən Baş Prokurorluğun idarə rəisi Elnur Musayev iştirakçıların diqqətinə tədbirin məqsəd və vəzifələrini çatdırıb.

Xalq yazıçısı Çingiz Abdullayevin çıxışı gənc hüquqşünaslarda böyük maraqla qarşılanıb.

Konfransda Baş Prokurorluğun idarə rəisi Mahir Abbasov, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev və Cinayət Prosesi kafedrasının müdiri Firuzə Abbasova, DİA-nın kafedra müdiri İsaxan Vəliyev, MAA-nın İqtisadiyyat və hüquq fakültəsinin dekanı Ayxan Rüstəmzadə, “ADA” Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov, Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımovun çıxış və təqdimatları dinlənilib.

Konfrans zamanı mövzu ətrafında prokurorluğun veteranları, ixtisaslaşmış ali təhsil ocaqların nümayəndələri və tələbələr də maraqlı çıxışlar edib.

Tədbir zamanı Baş Prokurorluğun təşəbbüsü ilə ərsəyə gəlmiş Ümummilli Liderin xatirəsinə həsr olunan “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli film seyr edilib.

Baş Prokurorluqda 9 ali təhsil ocağının iştirakı ilə “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” mövzusunda keçirilmiş geniş tərkibli konfransa dair məlumat və video material süjetlərin hazırlanması üçün təqdim olunur

***

10.18

Baş Prokurorluqda gənc hüquqşünaslar üçün “Ulu Öndər Heydər Əliyev və hüquq elminin inkişafı” mövzusunda konfrans keçirilir.

APA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı və Naxçıvan Dövlət Universitetlərinin, Milli Aviasiya Akademiyasının, “ADA” Universitetinin, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Dövlət Gömrük Komitəsinin Akademiyasının, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının və digər tədris müəssisələrinin professor-müəllim heyəti və tələbələri iştirak edir.

Konfransa, həmçinin, tanınmış ziyalılar, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, prokurorluğun veteranları və gənc prokurorluq işçiləri qatılıb.

Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələrinin düzülməsi ilə başlanan konfransda öncə Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR