Baş Prokurorluqda Gömrük Komitəsinin işçiləri üçün birgə təlimlər keçirilib

Baş Prokurorluqda Gömrük Komitəsinin işçiləri üçün birgə təlimlər keçirilib
# 19 sentyabr 2022 17:13 (UTC +04:00)

Baş Prokurorluqda Dövlət Gömrük Komitəsinin işçiləri üçün birgə təlimlər keçirilib.

APA xəbər verirr ki, bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin birgə məlumatında bildirilib.

Məlumata görə, hüquq-mühafizə orqanları işçilərinin peşə vərdişlərinin daha da təkmilləşdirilməsi sahəsində birgə səylərin səfərbər edilməsi məqsədilə ixtisaslaşdırılmış tədris müəssisələri ilə Baş Prokurorluq arasında imzalanmış müvafiq əməkdaşlıq memorandumları üzrə tədris tədbirləri uğurla davam etdirilir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə cari ilin sentyabr ayının 15-16-da gömrük orqanları tərəfindən aşkar edilən hüquqpozma faktları üzrə foto və videoçəkilişdən istifadə qaydalarının izahı, bu sahədə vahid təcrübənin və vərdişlərin formalaşdırılması mövzusunda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi əməkdaşlarının iştirakı ilə Elm-Tədris Mərkəzində təlimlər keçirilib.

Öncə tədbirdə Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, qazilərə şəfa dilənib.

Həmin təlimlərə dinləyici qismində Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin, Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin, Bakı Baş Gömrük İdarəsinin, Sumqayıt Baş Gömrük İdarəsinin, eləcə də Şimal, Cənub və Qərb Ərazi Baş Gömrük İdarələrinin 45 əməkdaşı cəlb ediliblər.

Tədbirdə təlimçi qismində Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin peşəkar işçiləri ilə yanaşı, Dövlət Gömrük Komitəsi Akademiyasının “Hüquq və humanitar fənləri” kafedrasının baş müəllimi də iştirak etmişdir.

Tədbir çərçivəsində müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə etməklə foto və videoçəkilişin aparılma qaydasını və taktikasını, əldə edilmiş dəlillərdən istifadə metodikasını əks etdirən nəzəri və praktiki məşğələlər tədris edilmiş, dinləyicilər Baş Prokurorluğun inzibati binalar kompleksinin funksional imkanları və texniki təchizatı ilə tanış olublar.

Təlimlərin yekunu üzrə müzakirələr zamanı dinləyicilər tədris edilmiş mövzulardan və keçirilmiş praktiki məşğələlərdən razılıqlarını ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR