Baş Prokurorluqda “Şahidi dindirmə müsabiqəsinin” finalı keçirilib - FOTO

Baş Prokurorluqda “Şahidi dindirmə müsabiqəsinin” finalı keçirilib - FOTO
# 05 noyabr 2022 17:39 (UTC +04:00)

Gənc hüquqşünasların hüquqi biliklərinin artması, praktiki bacarıqlarının formalaşması, ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Baş Prokurorluqda ardıcıl tədbirlər həyata keçirilir.

Bu barədə APA-ya qurumun mətbuat xidmətindən xəbər verilib.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində 28 oktyabr 2022-ci il tarixində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyi tərəfindən təşkil olunan, dindirmə prosesinin simulyasiyasını nəzərdə tutan “Şahidi dindirmə müsabiqəsinin” hazırlıq (təlim) mərhələsi keçirilib. Tədbirin davamı olaraq, 05 noyabr 2022-ci il tarixdə Elm-Tədris Mərkəzində ELSA tərəfindən təşkil olunan “Şahidi Dindirmə Müsabiqəsinin” final mərhələsi keçirilib.
Azərbaycan Respublikasının müxtəlif universitetlərinin hüquq fakültələrində təhsil alan tələbələrin iştirakı ilə keçirilən müsabiqənin ilkin və yarımfinal mərhələlərində qalib olmuş üç komanda müsabiqənin final mərhələsində iştirak etmişdir.
Müsabiqənin final mərhələsinə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin böyük prokuroru Çingiz Əli-zadə, İstintaq idarəsinin böyük prokuroru Anar Mirkişiyev və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlı hakim qismində cəlb edilmiş və müsabiqə iştirakçılarının fəaliyyəti onlar tərəfindən qiymətləndirilib. Tədbirdə Elm-Tədris Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi Nigar Qələndərli iştirak edib.
Əvvəlcədən hazırlanmış cinayət və cinayət-prosessual sahələr üzrə kazus əsasında iki nəfərdən ibarət müstəntiq qismində çıxış edən komandalarla xəyali şahid arasında cinayət işi üzrə həqiqətin üzə çıxarılması üçün əhəmiyyətli olan hallara dair məlumatların şahiddən alınması və cinayətin təsvirinin verilməsi məqsədi ilə həyata keçirilən dindirmə prosesinin simulyasiyasını nəzərdə tutan müsabiqənin sonunda qiymətləndirmə nəticəsində verilmiş yekun bala əsasən qalib komanda müəyyənləşdirilib.
Tədbirin sonunda qalib komandanın üzvləri mükafatlandırılmış və onlara sertifikatlar verilib.
Eyni zamanda, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyi tərəfindən müsabiqənin Baş Prokurorluqda keçirilməsinə köməklik və şərait yaratdığına görə Baş prokuror cənab Kamran Əliyevə təşəkkürnamə, habelə müsabiqəyə hakim qismində cəlb edilmiş Baş Prokurorluğun əməkdaşlarına sertifikatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR