BDU-da narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib - FOTO

BDU-da narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib  - FOTO
# 23 may 2022 20:58 (UTC +04:00)

Bakı Dövlət Universitetində narkomaniyaya ilə mübarizədən bəhs edən "Uçurumun bir addımlığında" adlı tədbir keçirilib.

APA xəbər verir ki, Kimya fakültəsi könüllərinin təşkilatçılığı ilə keçirilən tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev, hüquqşünas Şadman Əmirxanlı və Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev iştirak edib.

Tədbirin layihə rəhbəri və aparıcısı Kimya fakültəsinin tələbəsi Zülfüqar Muxtarlı və digər tələbələr qonaqlara mövzu ilə bağlı suallarını ünvanlayıblar.

Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi mayor Elşad Hacıyev narkomaniya ilə mübarizə tədbirləri haqqında məlumat verib, polislərin çevikliyi və peşəkarlığı sayəsində keçən ilə nisbətən bu il daha çox narkotikin dövriyyədən çıxarıldığını qeyd edib.

DİN rəsmisi Cinayət Məcəlləsində narkotik vasitələr və ya psixotrop maddələri, onların prekursorlarını satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, hazırlama ilə bağlı əməllərə (külli və xüsusilə külli miqdarda törədildikdə) görə cəzaların daha da sərtləşdirildiyini bildirib.

Hüquqşünas Şadman Əmirxanlı qanunvericilikdə narkotiklərin istifadəsi, saxlanılması və satılmasına görə nəzərdə tutulan cəza tədbirləri barədə danışıb.

Psixoloq Ramin Allahverdiyev tədbirin əhəmiyyətli mövzuya həsr olunduğunu qeyd edərək, ailədaxili münasibətlərdən əziyyət çəkən, təhdid və təzyiqlərlə qarşılaşan uşaqların həssas dönəmlərdə xoşbəxtliyi kənarda axtardığını bildirib. O, uşaqlıqda yaranan travmalar, özünüqiymətləndirmənin aşağı olması, sosial, fizioloji, psixoloji problemlərin narkoloji-psixoloji xəstəliklərə səbəb olduğunu vurğulayıb.

Daha sonra “Maddə asılılığı nədir?”, “Nəyə görə asılılıq yaranır?” suallarına aydınlıq gətirilib.

BDU-nun humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov yeniyetmə və gənclərin narkotik asılılığı və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə və BDU-da həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.

Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, hər bir şəxsin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Sonda maarifləndirici videoçarx nümayiş etdirilib, tələbələrin çoxsaylı sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR