BƏT-in daha bir Konvensiyasının ratifikasiyası yekunlaşmaq üzrədir

BƏT-in daha bir Konvensiyasının ratifikasiyası yekunlaşmaq üzrədir
# 20 iyun 2022 15:02 (UTC +04:00)

Ötən dövrdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) 8 təməledici və 4 prioritet, ümumilikdə 58 Konvensiyasına qoşulan Azərbaycan tərəfindən BƏT-in “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının da ratifikasiyası işləri yekunlaşmaq üzrədir.

APA xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BƏT-in Layiqli əmək üzrə texniki dəstək qrupu, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva ilə görüşündə bildirib.

Ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatları qeyd edən nazir bu islahatlar prosesində BƏT-lə fəal əməkdaşlıq gündəliyinin olduğunu diqqətə çatdırıb. O, 2017-2021-ci illər ərzində Azərbaycanın BƏT-in İdarə Heyətində təmsil olunduğunu qeyd edib.

Sahil Babayev Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmış Məşğulluq Strategiyasının, işsizlikdən sığorta sisteminin hazırlanması, gənclərin məşğulluğunun dəstəklənməsi, özünüməşğulluq proqramının icrası və s. sahələrdə BƏT-lə müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını bildirib.

Nazir Azərbaycanla BƏT arasında “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın uğurla icra olunduğunu vurğulayıb. Hazırda “2022-2026-cı illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın hazırlanması ilə bağlı işlərin davam etdirildiyini deyib. Yeni Proqramın prioritetlərinin “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ilə tam uyğunluq təşkil edəcəyini diqqətə çatdırıb.

Olqa Kulayeva Azərbaycanın BƏT-lə fəal əməkdaşlığını və əlaqələrin, birgə layihələrin daim genişləndirilməsini yüksək dəyərləndirib. Əməkdaşlıq gündəliyinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə BƏT-in yeni Konvensiyasının ratifikasiyası və “2022-2026-cı illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın hazırlanması işlərinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR